Hər il olduğu kimi, bu il də Yeni il bayramı ərəfəsində bəzi işbazlar insanların "cibinə girməyi" bacardı. Misal üçün, ölkədə adi günlərdə quzu ətinin kiloqramı 10 manat 50 qəpiyə satılırdısa, bayram günlərində sözügedən heyvan ətinin kiloqramı 13 və bəzi yerlərdə 14 manata qaldırıldı. Bununla belə, Azərbaycanda siqaretlərin qiyməti də süni şəkildə artırıldı. Ən azı bu qiymət hər bir siqaret markalarının qutusunda 30 qəpik bahalaşdı. Həmçinin bayram günlərində digər ərzaq və qeyri ərzaq malların da qiymətində artım qeydə alındı. Yeni ilin yanvar ayının 3-də isə məlum oldu ki, sözügedən məhsullarda qiymət artımı süni şəkildə, bilərəkdən artırılıb. Milli.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı milli məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü,  İqtisad elmləri doktoru, professor Rüfət Quliyev unikal.org-a müsahibə verib. - Rüfət müəllim, bu bayramda da insanlar qiymət artımı ilə üzləşdilər. Bu, niyə baş verir? - Mən bir məsələni qeyd etmək istəyirəm. Azərbaycan iqtisadiyyatı bazar üzərində qurulub. Bazar iqtisadiyyatının da öz qanunları var. Bu qanunları vaxtı ilə Karl Marks "Kapital" əsəri vasitəsilə açıb. O, bazar iqtisadiyyatı ilə bağlı hər şeyi yazıb. Mən bir alim kimi, qeyd etmək istəyirəm ki, tələb-təklif qanunu var. Yəni, bazar qanunlarına görə, tələb çox olarsa, təklif çatdırılmırsa, qiymət qalxır. Tələb azalır, təklif çoxdursa, qiymət düşür. Yəni rəqabət qanunu da burada işləyir. - Yəni, hesab edirsiniz ki, bayram qabağı tələb təklifi üstələdiyi üçün qiymət artıb? - Dövlət hər zaman makro-iqtisadi məsələlərlə məşğul olur. İqtisadiyyatı da başlı-başına qoymaq olmaz. Ümumiyyətlə, dünyada iki iqtisadi nəzəriyyə var. Ya bazar iqtisadiyyatı sərbəst buraxılmalıdır. Bu, Adam Smitin vaxtından qalıb. 1776-cı ildə şotland iqtisadçı-alim Adam Smit ilk dəfə olaraq fərdlərin şəxsi maraqlarına xidmət etmələri ilə cəmiyyətədə faydalı olacaqları barədə fikirlər yürüdür. İkinci nəzəriyyə də ondan ibarətdir ki, dövlət kifayət qədər iqtisadiyyatın işinə qarışıb, bazarı tənzimləməlidir. Bu nəzəriyyədən amerkanlılar da istifadə edir. - Bizdə hansı nəzəriyyədən daha çox istifadə edilir? - Hazırda Azərbaycan dövləti bazara nəzarəti çatdıra bilmir. Bunu dövlətdə günah görmək olmaz? Mənə də deyirlər ki, qoy dövlət qiymət, bazar məsələsində ciddi müdaxilə eləsin. Mən isə bunun tərəfdarı deyiləm. - Nəyə görə? - Ona görə ki, bu gün bütün dövlət siyasətinin (vergi, sosial müdafiə) fəlsəfəsi ondan ibarətdir ki, vətəndaş, sahibkar, bazar iştirakçısı ilə məmur arasında minumal əlaqə qalsın. Mən əgər sabahları çıxış edib, təklif versəm ki, qiymətlərin tənzimlənməsi üçün dövlət xüsusi, intensiv, ekstremal addımlar atsın, o deməkdir ki, bəzi əli natəmiz məmurlar başlayacaq özlərinə xüsusi sistem qurmağa. 3-5 gün sonra bu sistemi qurub nəsə əldə edəcəklər. Yenə deyirəm, bugünkü dövlətin siyasətinin fəlsəfəsi sahibkar-məmur arasında olan "məsafəni" azaltmağa çalışmaqdır. Tutaq ki, bu gün vergilər elektronlaşıb. Sahibklarlar istənilən əməliyyatı elektron formada həyata keçirə bilirlər. Bu da dövlət tərəfindən sahibkarlar üçün ən yaxşı şərait sayılır. - Dövlət bazar iqtisadiyyatına nə qədər az müdaxilə etsə, bir o qədər yaxşıdır. Amma müdaxilə etmədiyi halda da bəzi işbazlar bundan istifadə edib, insanların "cibinə girməyi" bacarırlar. Bunu hansı yollarla həll etmək olar? - Mən üzümü son 19 ildir regionda yaşayan insanlara tutub, səslənirəm. Regionlarda insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən bütün addımlar atılıb və bundan sonra da bu işlər davam etdirilir. Bunun üçün uzun müddətli dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarını misal çəkmək olar. Əgər 90-cı illərdə regionlarda işıq, su, qaz problemi vardısa, hazırda bu problemlər minimuma endirilib. Burdan regionlarda yaşayan insanlara deyirəm ki, dövlət sizə hər cür şərait yaradıb. Siz  Bakıya niyə gəlirsiniz? Bakı 2.5 milyon əhali üçün nəzərdə tutulan bir şəhərdir. Hələ maksimum səviyyədə deyirəm. Amma indi bu rəqəm 4 milyondan çoxdur. Bu insanların əksəriyyəti rayon əhalisidir. Mənim təklifim odur ki, Bakıya gəlib, yaşayan. lakin heç bir iş görməyən kənd camaatı paytaxtdan rayonlara qayıtsın. Onlar şəhərdə iş gözləməkdənsə, gedib rayonlarda kənd təsərrüfatı ilə məşğul olsunlar. Belə olduqdan sonra, ola bilər ki, bazar süni qiymət artımından xilas olsun. Hər bayram qabağı, meyvə, ət, yağ, düyü və digər ərzaq mallarının qiyməti aşağı olacaq. Bilirsiniz niyə? Çünki istehsal nə qədər çox olarsa, qiymətlər bir o qədər aşağı olacaq. - Hesab edirsiniz ki, camaat kəndlərə qayıtdıqdan sonra Bakıdakından da rahat yaşayacaqlar? - 1990-2000-ci illərdə regionlarda vəziyyət bir o qədər də yaxşı deyildi. İş yox, kommunal vəziyyət çox aşağı idi. Amma bu gün yuxarıda qeyd etdiyim kimi dövlət bu sahədə üzərinə düşən işi görür. İndi rayonlarda hər şey var. Dövlət rayondakı insanlar üçün istənilən şəraiti yaradıb. Mən bunu seçicilərimlə görüşəndə də deyirəm. Azərbaycan xalqı çox işgüzar xalqdır. Həqiqətən, işləyənik. Pul qazana bilir, daşı sıxıb, yağın çıxardan bir millətik. Amma son 20 ildə insanlarda bu torpağa, kənd təsərrüfatına maraq itib. Bilmirəm bu, nəyə görədir? Bilirəm bəzi insanlar kəndlərdə bələdiyələr tərəfindən ayrılmış torpaqlarda əkin əkmək istəyir. Amma bunun üçün ərazi imkan vermir ki, o işini həyata keçirə bilsin. Ya da su problemi olar. Mən bununla razıyam. Bütövlükdə ölkəmizdə əkin üçün yararlı torpaqlar nə qədər istəsən var. Bir gün avtomobillə Lənkərana gedək. Görəcəksiniz ki, rayona kimi yolun sağ-solu, demək olar ki, boşdur. Astarada adamlar işləyir. Cəlibadda, həmçinin Gəncə və Şəmkirdə də yol boyu hamı əkin işləri ilə məşğul olur. Qalan yerlər boşdur. Mənim doğulduğum Lənkəran rayon Sütəmordov kəndində insanlar hər zaman əti, südü, yumurtanı öz həyətlərindən götürürdülər. Heyvan saxlayır, əkin əkirdilər. Bunu gedib bazardan almırdılar. İndi kəndə gedəndə bunu çox az görmək olur. Kiminlə görüşürsən hamı fəxrlə deyir ki, "Super Marketə" gedirəm. Kimsə bu sözü mənə deyəndə, elə bilirəm kəndçilərim məni təhqir edirlər. Kəndçi "Super Marketə" gedər? Vallah, mən bəzən Lənkəranda çayxanalarda da görüş keçirirəm. Allah şahiddir. Bir nəfər ən azı 20 dəqiqə  problem danışır. 21-ci dəqiqədə deyirəm siz qurtardınız, qoy mən danışım. Soruşuram torpağınız var? Deyir bəli var. Digəri deyir torpağım var, satıb "Mercedess" almışam. Nədi-nədi qonşusunun da "Mercedes"i var. Astara gömrüyündən Tehrana kimi 14 saat avtomobillə yol getmişəm. Yol kənarlarına baxanda adam zövq alır. İnsanların hamısı  əkib-becərirlər. İnsaların torpağa necə məhəbbətləri var! Bizdə torpağa məhəbbət az olduğu üçün ərzaq mallarının bahalaşmasında problemlər yaşayırıq. Sovet dövrünün ən ağıllı işi sovxoz-kolxozları yaratması idi. İnsanları məcburi əməyə cəlb edirdilər. İndi seçicilərimlə görüşür, onlara məsləhət verirəm ki, yığıb birlikdə fermer təsərrüfatınızı yaradın. - Rüfət müəllim, ərzaq mallarının süni şəkildə qalxmasının qarşısının alınması səbəblərindən danışdınız. Nəyə görə, 31 dekabrdan 3 yanvar tarixinədək siqaret qiymətləri süni şəkildə artırıldı? - Bu məsələ sizin, mənim üçün böyük, dövlət üçün xırda məsələdir. Azərbaycanda işgüzar və işbaz adamlar var. Bazar iqtisadiyyatının ən böyük problemi də bu işbazlardır. Dövlət də nə qədər bacarırsa bunun qarşın ala bilir. Mən hər zaman onu demişəm ki, bazar iştirakçısı olan şəxs heç vaxt tam ədalətli iş görə bilmir. Bu mümkün deyil. Bunun üçün kapitalı oxumaq lazımdır. Avropa uzun müddətli bu sahədə tarixi olan ölkələrdir. Bu ölkələrdə dövlət bazar iqtisadiyyatını cilovlaya bilmişdi. Azərbaycan gənc ölkədir. Bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də ciddi islahatlar aparılır. Bizdə də bazar iqtisadiyyatı müəyyən qədər cilovlanıb. Amma çox da cilovlayanda bəzi məmurlar bundan istifadə edib, öz oyununu oynamağa başlayırlar. Siqaretin qiymətinə gəldikdə isə, bu da yanlış addımdır. Bəzi dırnaqarası sahibkarlar siqaretin qiymətindən sözügedən 3 gün ərzində qoy 1 milyon dollar qazanc əldə etsinlər. Bundan artıq mümkün deyil. Mən siqaret bazarını da yaxşı bilirəm. Amma bunu etməyə dəyməz. Bu insanların ciddi narazılığına səbəb olur və ciblərinə təsir göstərir. - Siz həm də iqtisadi sahədə ölkədə yayımlanan televiziyaların birində veriliş aparırsınız. Burada danışmaq üçün məmurları dəvət edə bilirsizmi? - Bax bu lap ürəyimcə olan sualdır. Deməli, bir sıra qurumlar var, onların rəhbərlərini, nümayəndələrini müzakirələr üçün çağırırıq. Onlar Vergilər, İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin vəzifəli şəxsləridir. Amma digər iqtisadi qurumlar verilişə qatılmaq istəmirlər. Deyirəm ki, gəlib, insanları maraqlandıran sualları cavablandırsınlar. Gəlmirlər. Qardaş, mən də millət vəkiliyəm. Çıxmışam efirə aparıcılıq edir, insanların suallarına cavab verir, vaxt itirirəm. Mənim də işlərim çoxdur. Amma siz niyə gəlmirsiniz? Qorxunuz var? Qardaş, mənim qorxum yoxdur. Millət vəkili kimi istənilən adamın sualına cavab verirəm. Burada qorxulu nə var ki? Allah cənab prezidentin canını sağ etsin, demokratiyaya, azad sözə imkan verib. Sadəcə, sən də elə danışmalısan ki, dövlət, cəmiyyət üçün də xeyirli olsun. Sözügedən məmurlar da gəlib, insanların suallarına cavab verməlidirlər. İnsanlara izah etməlidirlər ki, qiymətlər niyə qalxıb, nə vaxta qədər millət vəkilləri bu məsələlərdən danışacaq?!