Düzgün saxlanmadıqda kərə yağı vaxtından əvvəl xarab ola bilər. Foodinfo.az bildirir ki, mütəxəssislər qeyd edir ki, kərə yağı az su tərkibinə və yüksək yağ səviyyəsinə görə uzun müddət saxlanıla bilən məhsuldur. Lakin istilik, işıq və oksigenin təsirindən oksidləşərək dadını, rəngini və strukturunu dəyişə bilər.

Yağın xarab olduğunu anlamağın əsas yolu onun qoxusudur: əgər acı və turş iy verirsə, artıq istifadə üçün yararsızdır. Xüsusilə duzsuz yağlar daha tez xarab olduğu üçün otaq temperaturunda duzlu yağların saxlanması tövsiyə olunur.

Kərə yağını otaq temperaturunda saxlamaq üçün qapalı qabda, işıq və istilikdən uzaqda saxlanılması vacibdir. Az istifadə edənlər yalnız bir neçə qaşıq miqdarını çöldə, qalan hissəni isə soyuducuda saxlamalıdır.

Soyuducuda yağ açılmamış halda bir ay, açıldıqdan sonra isə iki həftəyə qədər saxlanıla bilər. Dondurucuda isə altı-doqquz ay müddətində keyfiyyətini qoruyur.

Vacib məqam odur ki, kərə yağı qoxuları tez hopur, buna görə orijinal qablaşdırmada və ya əlavə bükülərək saxlanması tövsiyə olunur.