Cəmdək və sub məhsulların emal xəttində hərəkət zamanı bir-biri ilə, eləcə də döşəmə və divarlarla təması yolverilməzdir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın “Kəsimin mərhələləri və kəsim və ilkin emal prosesinə dair baytarlıq-sanitariya normaları və qaydaları” bölməsində bildirilir. Həmçinin sənəddə qeyd edilir ki, cəmdəklərin və sub məhsulların çirklənmə riskini azaltmaq məqsədi ilə, kəsilmiş heyvanların mədə-bağırsaq traktının çıxardılması və təmizlənməsi prosesi müvafiq bölmədə həyata keçirilir. Donuz cəmdəklərinin dəriləri ilə birlikdə emalı onların şaquli və ya üfüqi vəziyyətdə alov, isti buxar, qaynar sudan istifadə etməklə həyata keçirilir. Daxili orqanların çıxarılma prosesi zamanı daxili orqanlar, mədə-bağırsaq traktı zədələnməməli, cəmdəklərin xarici və daxili səthi çirklənməməlidir. Sub məhsullar ayrıca soyuducu və ya dondurucularda saxlanılmalıdır.
Sub məhsulların emalı müvafiq bölmədə aşağıda verilmiş müddətlər ərzində aparılmalıdır:
- selikli sub məhsullar - heyvan kəsimindən 2 saatdan gec olmayaraq;
- digər sub məhsullar- 5 saatdan gec olmayaraq.
Qeyd edək ki, heyvan və quş kəsimi zamanı əldə edilən və qida üçün yararlı olan ət və ət məhsulları sub məhsullarıdır. Bunlara heyvanın böyrəkləri, beyni, ürəyi, qaraciyəri, ağciyəri, işgənbəsi, kitabçası, dalağı, diafraqması, quyruğu, dili və s. aiddir.