Bakı şəhər sakinindən İqtisadiyyat Nazirliyinə mağazadan aldığı və yerli istehsal olan yumurtanın qaynadılarkən plastmasabənzər maddənin yarandığı barədə müraciət daxil olub. Bununla bağlı İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən yumurtanın alındığı mağazadan nümunələr və Nazirliyə müraciət etmiş istehlakçının qaynadılarkən plastmasabənzər maddənin yarandığını bildirdiyi yumurtaların qalan hissəsi götürülərək laborator müayinəsi aparılıb. İqtisadiyyat Nazirliyindən Foodinfo.az-a verilən məlumata görə, laborator müayinələr nəticəsində yumurtaların keyfiyyətində heç bir nöqsan aşkar edilməyib, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normalara tam uyğun olduğu müəyyən edilib. Qaynadılarkən yarandığı iddia edilən plasmasabənzər maddənin isə yumurtaya heç bir aidiyyəti yoxdur. Qeyd edək ki, ötən illərdə də vətəndaş müraciətləri və monitorinqlər əsasında istehlak bazarından götürülmüş nümunələr üzrə aparılmış laborator müayinələr zamanı da yumurtanın keyfiyyəti ilə bağlı heç bir nöqsan aşkar olunmayıb.