Səhər yeməyində həm dadlı, həm də faydalı bir təam arzulayanlar üçün bu resept ideal seçim sayılır. Sağlam qidalanmaya üstünlük verənlər bu yeməklə həm günə enerjili başlaya, həm də rasionlarını daha faydalı edə bilərlər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, şəkərsiz və buğda unundan istifadə edilmədən hazırlanan bu kökələr düzgün qidalanmanı dəstəkləyən sadə və əlçatan reseptlərdən biridir.
Məlumata görə, bu reseptdə buğda unu əvəzinə yulaf unundan istifadə olunur. Yulaf unu qanda şəkərin sürətlə yüksəlməsinin qarşısını alır və uzun müddət toxluq hissi yaradır. Tərkibindəki lif maddələri həzmi yaxşılaşdırır və orqanizmin enerji balansını qorumağa kömək edir. Bu xüsusiyyətlərinə görə yulaf unu səhər yeməyi üçün xüsusilə məqsədəuyğun hesab olunur.
Şəkər əvəzinə isə bananlardan istifadə edilir. Banan təbii şirin dadı ilə ağ şəkəri əvəz edir və tərkibindəki lif sayəsində qanda şəkərin kəskin artımına səbəb olmur. Bu da gün ərzində aclıq hissinin daha gec yaranmasına şərait yaradır. Mütəxəssislər qeyd edirlər ki, bu cür təbii əvəzləyicilər sağlam qidalanmada mühüm rol oynayır.
Yumşaq kökələrin hazırlanması üçün iki banan, bir yumurta, yulaf unu, bir çimdik soda və qızartmaq üçün az miqdarda yağ kifayətdir. Bananlar yaxşıca əzilir, üzərinə yumurta, soda və un əlavə olunaraq qarışdırılır. Xəmirin bir neçə dəqiqə saxlanılması onun daha yaxşı quruluş almasına kömək edir. Qarışıq orta dərəcədə maye olmalıdır.
Kökələr orta odda hər iki tərəfi qızarana qədər bişirilir. Yapışmayan tavadan istifadə edildikdə yağsız da bişirmək mümkündür. Hazır kökələr isti halda süfrəyə verilə və qatıq, qaymaq və ya digər sevilən əlavələrlə təqdim oluna bilər. Bu resept səhər yeməyini həm dadlı, həm də sağlam etmək istəyənlər üçün uğurlu seçim sayılır.






