Bitki və bitkiçilik məhsullarında nümunə üçün zərərvericilərin toplanması zamanı yastıcaların (koksidlərin) toplanması müvafiq tələblərə uyğun həyata keçirilir.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, yastıcaların çoxu substrata hərəkətsiz və ya çox az hərəkətli vəziyyətdə yapışdığına görə onları substratla birlikdə toplamaq lazımdır. Bunun üçün iti neştərlə ağacın qabığının, zoğunun, meyvənin qabığının və yarpaqların ən yoluxmuş hissəsi kəsilir. Zəif yoluxma zamanı tək-tək rast gəlinən yastıcaların ən iri nümunələri seçilərək bir neçə kəsik edilir. Unlu yastıcaların olduğu bitkilərin kəsilmiş hissələrini enli sınaq şüşələrinə həşəratlar şüşəyə toxunmadan yerləşdirmək və əzilmədən labortoriya ekspertizasına cəlb etmək lazımdır. Yastıcalardan nümunə toplanarkən mümkün ən iri nümunələr götürülməlidir. Yastıcaların olduğu sınaq şüşələri pambıq tıxacla bağlanır. Üzərində çanaqlı yastıcaların, yalançı çanaqlı yastıcaların olduğu bitkilərin kəsilmiş hissələri iki pambıq qatının arasına qoyulur, kağıza bükülür və ya kağız paketlərə, zərflərə və ya qutulara yerləşdirilir. Yastıcaları bitkidən bitki hissələri ilə birlikdə kəsib götürmək və yaxud yoluxmuş bitkini bütövlükdə götürmək mümkün olmadıqda, yastıcalar substratsız yığılır. Unlu yastıcalar əvvəl nazik iynənin və ya neştərin ucu ilə ehtiyatla narahat edilir və bir neçə saniyədən sonra onlar xortumcuqlarını bitki toxumasından çıxardaraq, sürünməyə başlayır. Bu zaman onlar içərisinə öncədən 70%-li spirt doldurulmuş və ya bir qədər əzilmiş nazik kağız zolağı yerləşdirilmiş sınaq şüşəsinə yığılmalıdır. Yalançı çanaqlı yastıcalara iynənin və ya neştərin ucu ilə ehtiyatla toxunmaqla sınaq şüşəsinə toplamaq lazımdır. Sürfələri və yumurtası olmayan cavan dişiləri 70%-li spirt olan sınaq şüşələrinə, bərk örtüklü böyük dişiləri isə boş sınaq şüşələrinə yerləşdirilir. Zərərvericinin növünü dəqiq müəyyən etmək məqsədi ilə çanaqlı yastıcaları subtratdan xüsusilə ehtiyatla - təyin üçün ən önəmli hissə, yəni dişinin bədəni itmədən götürmək lazımdır. Çanaq qaldırıldıqdan dərhal sonra iynənin isladılmış ucunu dişinin çanağın altındakı bədəninə ilişdirib spirtlə sınaq şüşəsinə atılır; həmin sınaq şüşəsinə mütləq çanağı da yerləşdirmək lazımdır. Ən azı 10 (on) ən iri çanaqlı yastıca yığılmaldır. Xarici görünüşü fərqlənən çanaqlı yastıcalar və yastıcalar, hətta bir bitkidən və ya eyni meyvələrdən götürüldükdə ayrı-ayrı sınaq şüşələrinə yerləşdirilməlidir.
Sənədə əsasən, ağqanadlıların (aleyrodidlərin) toplanması da müvafiq tələblərə uyğun həyata keçirilir. Ağqanadlılar çanaqlı yastıcalarla eyni qaydada olduğu kimi, substrat hissəcikləri ilə birlikdə toplanır və boş sınaq şüşələrinə yerləşdirilir. Ağqanadlıların pupariləri yarpaqlarda aşkar edildikdə, yarpaqlar iki pambıq təbəqəsinin arasına qoyularaq, kağız zərfə və ya qutuya yerləşdirilir və laboratoriya ekspertizasına cəlb edilir. Ağqanadlıların növləri müstəsna olaraq puparilərin əlamətlərinə görə müəyyən edilir. Yetkin ağqanadlılar yalnız oturmuş vəziyyətdə olanları, sınaq şüşəsi ilə örtməklə toplanılmalıdır. Mənənələrin spirtə batırılmış nazik akvarel fırçasının köməyi ilə 70-80%-li spirt olan sınaq şüşələrinə toplamaq lazımdır. İlk növbədə böyük fərdlərin (qanadlı və qanadsız), eləcə də ən kiçik sürfələrin toplanılmalıdır.