Yersinioz qızılbalıqlarda (alabalıq) tez-tez rast gəlinən kəskin və xroniki infeksion xəstəlikdir. Həm təbii mühitdə, həm də akvakultura şəraitində olan qızılbalıqlar bu xəstəliyə çox həssasdır. Ona görə də, qızılbalıqlar, xüsusilə də onların cavan fərdləri yersinioz xəstəliyinə daha tez yoluxur. Bu xəstəlik sazan, durna balığı və ilanbalığında da müşahidə edilir. Ümumiyyətlə suda yaşayan orqanizmlərin və bəzi məməli heyvanların bu bakteriya daşıyıcısı olduğu müəyyən edilib.

Foodinfo.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Heyvan sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin əməkdaşı Yusif Babayevin hazırladığı elmi məqalədə bəhs olunur.

Balıqlarda yersinioz xəstəliyi adətən suyun temperaturu 10 dərəcə C-dən yuxarı olduqda müşahidə edilir. Əgər temperatur yüksək olsa, xəstəlik bütün mövsümlərdə balıqları yoluxdura bilər. Bir çox hallarda isə xəstəlik balıqların bütünlüklə ölümü ilə nəticələnir. Ümumiyyətlə suyun temperaturunun yüksəlməsi yersinioz xəstəliyinin geniş yayılması və çoxlu balığın tələf olması ilə nəticələnir. Məsələn, suyun temperaturunun 15 dərəcə C-dən yuxarı olması balıqlarda ölüm hallarını artırır. Buna görə də balıqların olduğu suyun temperaturunun 10 dərəcə C-dən aşağı olması vacibdir.

Yersinioz xəstəliyindən sonra sağ qalan balıqların daşıyıcı olmasının nəzərə alınması və müvafiq tədbirlərin görülməsi çox əhəmiyyətli hesab edilir. Belə ki, bir yerdə suda olan balıqların 60-70 faizi daşıyıcıdırsa, digərləri də asanlıqla həmin xəstəliyə yoluxur. Həmin proses suyun temperaturu 25 dərəcə C olduqda xüsusilə qısa zaman ərzində baş verir. İnfeksiya kəskin və ya xroniki hal alır. Kəskin hal aldığı zaman balıqlarda ilk əlamət olaraq süstlük və iştahasızlıq müşahidə edilir, dəridə qaralma nəzərə çarpır. Balığın qəlsəmələrinin altında, boğazının, ağzının, gözlərinin, xüsusilə də döş üzgəcinin ətrafında qanaxmalar müşahidə olunur. Xroniki hallarda isə balıqlarda hemorogik yaralar olmasa da, rəng dəyişikliyi, çəki itkisi, birtərəfli və ya ikitərəfli ekzoftalm müşahidə edilir. Suda oksigenin miqdarının azalması, eyni zamanda stres faktorlarının təsiri balıqlarda ölüm faizini artırır.

Yersiniozun diaqnostikası zamanı həmin xəstəliyə yoluxmuş balıqlar yarılarkən əzələdə, qaraciyərdə, yoğun və kor bağırsaqlarda qanaxmalar, dalaq və böyrəklərdə böyümə müşahidə olunur. Bağırsağın içərisinə sarı rəngli maye yığılır. Yüksək patogen hesab edilən bu bakteriyanın diaqnostikası üçün balıqların izolyasiya edilməsi vacib şərt hesab olunur.

Yersinioz xəstəliyinə tutulan balıqların müalicəsi zamanı ən dəqiq üsul sayılan antibioqramma testinin nəticələrinə əsaslanaraq bakteriyanın həssas reaksiya verməsi nəticəsində təsbit edilən kemoterapevtik maddələrdən istifadə olunur. Peyvəndləmə isə həmin xəstəlikdən qorunmaq üçün ən effektiv üsul hesab edilir. Peyvəndləmə zamanı bakteriyanın ölmüş kulturasından istifadə olunur. Peyvəndləmədən sonra immunitetin formalaşması 10 gün ərzində baş verir. Balıqların həmin mikroorqanizmlə çirklənmiş yerlərdən digər təsərrüfatlara daşınması isə 15 gün əvvəlcədən peyvəndləmənin aparılması şərti ilə həyata keçirilə bilər.