Fransa və Braziliyadan olan alimlər qrupu pəhriz ilə xərçəng riskinin əlaqəsini öyrənib. Tədqiqatçıları ilk növbədə yüksək dərəcədə texnoloji emala məruz qalmış qidalar maraqlandırıb.
Tədqiqat müəllifləri orta yaş həddi 43 olan 105 min fransalı haqqında məlumatı təhlil ediblər. İştirakçıların 3300 müxtəlif ərzaqdan istifadə səviyyəsini qiymətləndirmək üçün onların hamısı azı iki dəfə gündəlik onlayn sorğuda iştirak ediblər. Tədqiqatın əvvəlində bu insanların hamısı sağlam olub. Alimlər təxminən beş il ərzində tibbi məlumat bazasına uyğun olaraq onların səhhətindəki dəyişiklikləri izləyiblər. Bu müddətdə 2228 insan xərçəng xəstəliyinə tutulub.
Tədqiqatçılar öz qeydlərində xərçəng riskinin artması amillərinə diqqət yetiriblər. Bunlar cinsiyyət, yaş, təhsil səviyyəsi, irsiyyət, siqaretçəkmə, fiziki hazırlıq və digər amillərdir. Nəticədə alimlər qərara gəlib ki, ultra emal edilmiş qidalardan istifadə olunması səviyyəsi bütün növ onkoloji xəstəliklərin, xüsusilə süd vəzi xərçənginin inkişafı riskini artırır. Belə ki, ümumi qidalanma rasionu tərkibində bu cür ərzağın hər əlavə 10 faizi xərçəng riskinin 12 faiz və döş xərçənginin 11 faiz artması ilə əlaqəlidir.
Sonrakı təhlil göstərib ki, az texnoloji emala məruz qalmış ərzaqların (məsələn, konservləşdirilmiş tərəvəz, pendir, yeni bişirilmiş çörək) xərçəng riski ilə heç bir bağlılığı yoxdur, təzə və minimal emal olunmuş ərzaqlar (meyvə, tərəvəz, pasta məhsulları, yumurta, ət, balıq, süd) isə əksinə, ümumilikdə xərçəng, xüsusilə də döş xərçəngi riskini azaldır.
Tədqiqatın müəllifləri yazırlar ki, onların aşkar etdiyi fenomenin səbəbləri hələlik aydın deyil. Ultra emal olunmuş ərzaqlarda hansı kimyəvi maddələrin insan orqanizminə kanserogen təsir göstərdiyini araşdırmaq lazımdır. (AZƏRTAC)