Şokolad, çiyələk və dəniz ilbizi kimi bəzi qidaların cinsi istək və bacarığı artırdığına inanan bir xeyli insan var. Bu fikir nə dərəcədə doğrudur?
Güman edilir ki, yunan mifologiyasındakı eşq tanrısı Afroditanın şərəfinə "afrodiziak" adlandırılan qidalar cinsi impulsu, gücü və zövqü artırır. Müasir dövrdə ən çox şokolad, çiyələk və dəniz ilbizinin adı hallanır. Amma keçmişdə insanların daha qəribə inancları olub. Məsələn, hesab olunub ki, zəhərli ispan milçəyi, kərgədan buynuzu və bəzi nadir bitki kökləri yüksək dərəcəli istək yaratmaq xüsusiyyətinə malikdirlər.
Martha Hopkins Randall Lockridge ilə birlikdə 19 şəhvani yemək haqqında yazdığı "Yeni cinsi əlaqələr: afrozidiak haqqında yemək kitabı" üçün araşdırma apararkən bir çox qida məhsullarına diqqət çəkib:
"Afrodiziak təsirli qidalar ya trüfel göbələyi, qaz ciyəri paşteti və kürü kimi bahalı yeməklər, ya da cinsiyyət orqanlarına bənzədilən mərəçüyüd və ənginardır. Bu cərgəyə heyvan yumurtalıqlarını da aid etmək olar".
Hazırda afrodiziaklar daha çox eşq, şəhvət və cinsi istəklə əlaqələndirilsə də, 17-ci əsrdə göyərçindən badama və yabanı yerkökünə qədər bir çox şey qadınların dogmaq qabiliyyətini artıran qidalar hesab olunurdu.
Qan dövranı
Bəzi maddələr qan dövranında problem olan insanların damaralarını genişləndirərək (məs., "Viagra" kimi) onların cinsiyyət orqanlarına qan axışını asanlaşdırır.
Balqabaq, qoz, dana əti kimi qidalardakı L-arginin tərkibli amin turşusu bədəndə nitrat turşusuna çevrilərək qanın hərəkətini sürətləndirir.
"Omeqa-3" yağıyla zəngin olan somon balığı və avokado kimi qidalar da qanın hərəkətinə müsbət təsir edir.
Çiyələk, moruq, böyürtkən kimi giləmeyvələrdəki; o cümlədən alma, üzüm, qırmızı şərab, sarımsaq və acı şokoladdakı kversetin maddəsinin iltihab təmizləmə xüsusiyyəti də qan dövranını sürətləndirir. Görünüşünə görə hətta enginar da afrodiziak qida hesab edilir.
Alimlər qeyd edilər ki, bu qidalar yalnız qan dövranı problemi olan insanlarda cinsi bacarığı yaxşılaşdırır, qan dövranı normal olanlarsa hər hansı fərq hiss etməyə bilərlər. Hərçənd bəzi insanlar afrodizyak sözünü cinsi qabiliyyətdən əlavə cinsi istək kimi də başa düşür.
Şokolad
Cinsi istəyi artırdığı güman edilən qidalardan biri də şokoladdır.
Araşdırmalar göstərir ki, şokoladın ana maddəsi olan kakao qan dövranını sürətləndirir. Amma onun cinsi istəyi artırması elmi şəkildə əsaslandırılmayıb. Əslində, heç bir qidayla bağlı belə bir sübut yoxdur. Bir şeydən başqa...
Şokoladdakı kakaonun yalnız orqanizmdə deyil, bədən üzvlərində də qan dövranını artırdığı deyilir, amma onun cinsi istəyi artırması elmi şəkildə əsaslandırılmayıb.
Spirtli içki
Yeganə istisna spirtli içkidir. Bəzi kiçik çaplı araşdırmalarda spirtli içki və cinsi həvəs arasında əlaqə olduğu müşahidə edilib. Amma spirtli içki cinsi bacarığın artırmasına yox, azaltmasına səbəb ola bilir.
Qırmızı şərabın ürəyə müsbət təsir etməsi populyar fikir olduğuna görə, insanlar onun cinsi bacarığı artırdığına da inanırlar. Amma qırmızı şərabla ürək və damarların sağlamlığı arasındakı əlaqə elm tərəfindən sübut edilməyib.
İnsanlar inanırlar ki, qırmızı şərab cinsi istəyi artırır, cinsi bacarığı isə azaldır.
Ağdəniz pəhrizi
Şərabın afrodiziak qida kimi qiymətləndirilməsi onun Ağdəniz pəhrizində yer almasından qaynaqlana bilər. Bu pəhriz növü bol tərəvəz və meyvə, taxıl bitkiləri, paxlalılar, fındık, badam, balıq və zeytun yağından ibarətdir. Ağdəniz pəhrizində şəkər, pendir və ətə çox az yer verilir.
Bu nöqteyi-nəzərdən yalnız bir növ ərzağın yox, bütövlükdə Ağdəniz pəhrizinin və o bölgəyə aid yaşam tərzinin afrodiziak xüsusiyyətə malik olması daha inandırıcı görünür.
Yaşam tərzi
Mütəxəssislər hesab edirlər ki, düzgün qidalanma və stressiz həyat cinsi bacarığın əsas şərtidir. Yalnız bir qidanın deyil, bütünlükdə pəhrizin qan dövranını və hormon səviyyəsini artırması insanın ruh halının yaxşılaşmasına səbəb olur və bu, nəticə etibarilə afrodiziak təsirin artmasına gətirib çıxarır.
Yalnız bir qida yox, bütövlükdə düzgün qidalanma və yaşam tərzi afrodiziak effekti yaradır.
Psixoloji təsir
Bəs, nə üçün bəzi insanlar hansısa qidaların afrodiziak təsirinə inanırlar?
Bu, həmin qidaların cinsi istəyi artırmasıyla bağlı el arasında mövcud olan inancdan qaynaqlanır. Amma bu istək fiziki, psixoloji və şəxsi münasibət kimi bir çox ciddi faktordan da asılıdır. Hər hansı qidanın seks arzusunu artırmasıyla bağlı inam psixoloji plasebo təsiri yaradaraq bu arzunu həqiqətən də gücləndirə bilir.
İnsanların ovqatına təsir edən faktorlardan biri də yadda saxlama qabiliyyətidir. Beyin cinsi baxımdan xoş olan anları xatırlamağa meyllidir. Şəxsin intim münasibətdə olduğu ortama aid detallar sonralar onun yadına düşəndə yenidən cinsi istək hiss etməsinə səbəb ola bilir.
Aclıq impulsu
Afrodiziak təsir elementi əslində bütün qidalarda var. Çünki yeməyə heç nə tapmayan bir adamda cinsi istək də olmur. Təkamül nöqteyi-nəzərindən insanların seks arzusu çoxalmaya xidmət edir. Bunun üçünsə sağlam olmaq, faydalı qidalarla bəslənmək lazımdır.
17-ci əsrə aid pornoqrafik əsərlərdə müxtəlif növ qidaların da təsvir edilməsi təsadifi deyil - növbəti mərhələdəki intim münasibət üçün cütlüklərin enerjiyə ehtiyacı var.
Meyvə milçəkləri üzərində aparılmış təcrübə zamanı müəyyən edilib ki, qida məhsullarının açıqda olduğu yerlərdə dişi milçək qarşısına çıxan ilk erkək milçəklə gün ərzində yeddi dəfə, ərzaq adına heç nəyin olmadığı məkanlardasa cəmi bir dəfə cütləşir.
Qida seçiminin seks münasibətlərində rolunu sübut edən daha bir fakt quşlara aiddir. Məlum olduğu kimi, erkək quşların tükləri dişilərinkinə nisbətən daha rəngarəng olur və bəyənilmə məsələsində bu, önəmli rol oynayır. Belə rəngarəngliyi təmin edənsə tərkibində karoteonid (bitki piqmenti) olan yemlərdir.
Partnyoru yedizdirmə afrodiziak təsir yarada bilir.
Bu məqam insanlar üçün də keçərlidir. Məsələn, əvvəllər kök qadınlar cəlbedici sayılırdı. Çünki o vaxtlar qida çatışmazlığı vardı və hesab olunurdu ki, onların doğmaq qabiliyyəti daha yüksəkdir.
Seks partnyorunu yeməyə qonaq etmək təcrübəsində də afrodiziak elementlər var. Bəlkə də sevgililər günüdə şokolad və ya ev yeməyi hədiyyə etmək ənənəsi cinsi istək yaratmaq arzusundan irəli gəlir. Yeri gəlmişkən, erkək hörümçəklər də cütləşmək üçün dişi hörümçəklərə milçək yaxalayıb verirlər. Bir çəyirtkə növündə isə erkək cütləşmək istədiyi dişini jeleyə bənzər ifrazatla özünə cəlb edir.
Afrodiziakla bağlı inancların belə möhkəm olması gənclik, uzunömürlülük və çoxala bilmə arzularından qaynaqlanır. Ona görə də insanların sonrakı yüzilliklər boyu da bu inanclara sadiq qalacağını ehtimal etmək olar.
Mənbə: Milli.az