Kodeks Alimentarius Komissiyasının Roma şəhərində 41-ci sessiyası baş tutub. Sessiyada 121 ölkənin nümayəndə heyəti ilə yanaşı BMT qurumlarının, qeyri-hökumət təşkilatlarının və 84 hökumətlərarası təşkilatın nümayəndələri iştirak edib. Tədbirdə ölkəmizi Qida Təhlükəsizliyi Agentliyi təmsil edib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, sessiyanın gündəliyi təsdiq edildikdən sonra Kodeks Alimentarius Komissiyasının İcra Komitəsinin 74-cü və 75-ci Sessiyalarının Hesabatları dinlənilib. Sessiya müddətində Komissiya tərəfindən toxumluq kartof üzrə standartlar, badımcan üzrə standartlar, “Hazır Ərzaqların Etiketlənməsi üzrə standartlar”a, “Balıq və balıq məhsulları üzrə Məcəllə”yə, “Qida əlavələri üzrə standartlar”a dəyişikliklər, “Qida əlavələrinin saflığı və identikliyinin müəyyən edilməsi” üçün normalar, “Qida əlavələrinin beynəlxalq nömrələnmə sistemi və adları”na dəyişikliklər, flumetrinin (bal) maksimum qalıq səviyyəsi təsdiq olunub.
Sessiya müddətində Agentliyin nümayəndə heyəti QHT və hökümətlararası təşkilatların nümayəndələri ilə Kodeks Alimentarius standartlarının tətbiqi ilə bağlı görüşlər keçirib, Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər haqqında geniş məlumatlar verilib.
Görüş zamanı təşkilatlar arasında sıx əməkdaşlığın qurulması və qida təhlükəsizliyinin təmin edilməsi üçün operativ məlumat mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb. Səfər çərçivəsində Agentliyin nümayəndə heyəti “Ərzaq təhlükəsizliyi və qidalanma üçün okeanlardan və daxili sulardan əldə olunan qida üzrə Qlobal Fəaliyyət Şəbəkəsi”nin ilk iclasında iştirak edib.
Qeyd edək ki, FAO və ÜST tərəfindən yaradılmış Kodeks Alimentarius beynəlxalq qida standartlarını müəyyənləşdirir. Qurumun yaradılmasında məqsəd qida məhsullarında beynəlxalq standartları müəyyən edərək istehlakçıların qida təhlükəsizliyini qorumaq və bu sahədə ədalətli rəqabət mühitini təmin etməkdir.