"Azərbaycanın coğrafi baxımdan çox əlverişli mövqedə yerləşir və buradan "Müasir İpək Yolu" kimi vacib nəqliyyat marşrutu keçir".
Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin jurnalistlər üçün təşkil etdiyi təlimdə qurumun baş istismar idarəsinin rəisi Yucin Sea (Eugene Seah) deyib.
Şimal-Cənub nəqliyyat dəhlizinə toxunan rəis bildirib ki, Azərbaycan şimaldan cənuba, inkişaf etməkdə olan ölkələrə qida məhsullarının daşınması zəncirində vacib bəndə çevrilə bilər: "Məsələn, Azərbaycan Rusiyadan və Qazaxıstandan olan taxılın inkişaf etməkdə olan ölkələrə çatdırılmasında nəqliyyat habı ola bilər. Cənub Qaz Dəhlizi Avropa üçün enerji təhlükəsizliyi üçün nə qədər vacibdirsə, Şimal-Cənub marşrutu simasında daha da əhəmiyyətli dəhliz yarana bilər".
Çindən Avropaya gedən və Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizinə toxunan Y.Sea qeyd edib ki, hazırda bu dəhlizinin daşıma gücü 300 min konteyner təşkil edirsə, 3 ildən sonra bu göstərici ildə 1 mln. konteynerə çatacaq: "Bəziləri deyirlər ki, Çindən Avropaya malları göndərmək üçün Rusiyadan keçən marşrut daha sərfəlidir. Amma bu marşrut əlverişli görünsə də, əslində çox vaxt aparır. Buna görə də Mərkəzi Asiyadan və Azərbaycandan keçən marşrutun yaradılması ehtiyacı yaranıb və onun potensialı var".
Y.Sea həmçinin Azərbaycanın infrastruktur sahəsində gördüyü işlərdən də danışıb: "Sinqapur infrastruktura milyardlarla dollar sərmayə yatırıb. Azərbaycan da bunu edir və qonşuları ilə bu sahədə sıx əməkdaşlıq edir. Buna görə düşünürəm ki, hazırda Azərbaycanda işlər düzgün istiqamətdə aparılır. Çox vacibdir ki, ölkədə sabit siyasi vəziyyət olsun və hamı bir istiqamətdə hərəkət eləsin. Sonda insanların bu regiona inamı artacaq. Əgər siz özünüz də inansanız ki, bu sahənin gələcəyi var, bu sahə Azərbaycanın qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevriləcək". (Report)