Borş Şərqi Avropa mətbəxinin ən məşhur yeməklərindən biridir və mütəxəssislər onun sağlamlıq üçün də faydalı olduğunu bildirirlər. Bu yemək həm qidalı, həm də müxtəlif faydalı maddələrlə zəngin hesab olunur.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, biokimyaçı Lyudmila Polikarpova borşun insan sağlamlığına müsbət təsir göstərdiyini və hətta gəncliyin qorunmasına kömək edə biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, borşun əsas üstünlüklərindən biri sümük üzərində bişirilən ət bulyonudur. Belə bulyon hazırlanarkən sümüklərdən kollagen, jelatin, zülallar və amin turşuları ayrılır. Bu maddələr oynaq, bağ və qığırdaq toxumalarının sağlamlığını dəstəkləyir və onların fəaliyyətini yaxşılaşdırır.

Eyni zamanda, ətin tərkibində olan dəmir əzələlərin və qan dövranının normal fəaliyyəti üçün vacibdir. Borşun tərkibindəki tərəvəzlər isə qida lifləri ilə zəngindir. Bu liflər həzmi yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir və qanda xolesterinin səviyyəsinin azalmasına kömək edir.

Mütəxəssis əlavə edib ki, kökdə olan beta-karotin güclü antioksidantdır və qocalma prosesini ləngitməyə kömək edir. Sarımsaq və soğan isə efir yağları, fitonsidlər, vitaminlər və mikroelementlərlə zəngindir. Bu maddələr immun sistemini gücləndirir, bakteriyalara qarşı təsir göstərir və orqanizmi infeksiyalardan qorumağa kömək edir.