
Son illərdə yüksək proteinli pəhrizlər arıqlamaq və əzələ kütləsini artırmaq istəyənlər arasında populyarlaşıb. Foodinfo.az bildirir ki, bu cür pəhrizlər qısa müddətdə effekt versə də, uzunmüddətli istifadəsi bəzi sağlamlıq riskləri yarada bilər. Araşdırmalar göstərir ki, normadan artıq protein qəbulu böyrəklərə əlavə yük salır. Xüsusilə əvvəlcədən böyrək problemi olan şəxslərdə bu risk daha da artır. Böyrəklərin funksiyası zülal maddələrinin parçalanması zamanı yaranan tullantıları orqanizmdən çıxarmaqdır.
Çoxlu miqdarda zülal qəbul edildikdə, bu orqanlar daha intensiv işləyir və zamanla funksional zəifləmə yarana bilər. Bəzi tədqiqatlar sağlam insanlarda yüksək protein qəbulu ilə böyrək xəstəliyi arasında birbaşa əlaqə aşkar etməsə də, uzunmüddətli təsirlər hələ tam öyrənilməyib. Mütəxəssislər gündəlik protein qəbulunun şəxsi çəkiyə və fiziki aktivliyə uyğun tənzimlənməsini tövsiyə edir. Həmçinin, protein mənbələrinin balanslı seçilməsi – bitki və heyvan mənşəli məhsulların qarışıq şəkildə istifadə olunması vacib sayılır.
Sağlam böyrəkləri qorumaq üçün protein qəbulu ilə yanaşı, kifayət qədər su içmək də mühüm rol oynayır. Nəticə olaraq, çox proteinli pəhrizlər faydalı olsa da, həkim və dietoloq məsləhəti olmadan uzun müddət davam etdirilməsi sağlamlığa zərər verə bilər.