Şəkər insan bədəni üçün enerji mənbəyi olsa da, həddindən artıq istehlakı sağlamlıq üçün ciddi təhlükə yaradır. Xüsusilə immun sisteminin fəaliyyətinə mənfi təsiri elmi araşdırmalarla sübut olunub. 

Foodinfo.az xəbər verir ki, həddindən artıq şəkər qəbul etdikdə qanda qlükoza səviyyəsi sürətlə yüksəlir. Bu zaman ağ qan hüceyrələrinin – bədənin infeksiyalara qarşı əsas müdafiə vasitələrinin – fəaliyyəti zəifləyir. Nəticədə, orqanizm viruslara, bakteriyalara və digər patogenlərə qarşı daha müdafiəsiz hala gəlir.

Araşdırmalar göstərir ki, sadəcə 100 qram şəkər istehlakı (təxminən bir neçə şirin içki və ya şirniyyat məhsulu) ağ qan hüceyrələrinin bakteriya ilə mübarizə qabiliyyətini 4–5 saat ərzində 40%-ə qədər azalda bilir. Bu da o deməkdir ki, həddindən artıq şəkər qəbul edən insanın bədəni infeksiyalara qarşı müvəqqəti olaraq “zəif” qalır.

Bundan əlavə, yüksək şəkər qəbulu orqanizmdə xroniki iltihabi proseslərə səbəb olur. Xroniki iltihab isə immun sistemini daim "məşğul" saxlayır, onu zəiflədir və vaxt keçdikcə müxtəlif xroniki xəstəliklərin, məsələn, ürək-damar problemlərinin, şəkərli diabetin və hətta bəzi xərçəng növlərinin riskini artırır.

Şəkər bağırsaq mikroflorasını da pozur. Sağlam bağırsaq bakteriyaları immun sisteminin düzgün işləməsində əsas rol oynayır. Şəkərlə zəngin qidalar zərərli bakteriyaların çoxalmasına şərait yaradır, bu da immun tarazlığın pozulmasına gətirib çıxarır.

Buna görə gündəlik şəkər qəbulunu minimum səviyyədə saxlamaq və daha çox təbii qidalar (meyvə, tərəvəz, tam taxıllar) ilə qidalanmaq immun sağlamlığı qorumaq üçün əsas şərtdir.