Maqnezium orqanizmdə yüzlərlə biokimyəvi prosesin əsas tərkib hissəsidir və onun çatışmazlığı bir çox sistemlərin fəaliyyətinə təsir göstərir. Foodinfo.az xəbər verir ki, Piroqov Universitetinin mütəxəssisi Denis Borozdenko bu mineralla bağlı defisiti vaxtında tanımağa kömək edən ən erkən əlamətləri sadalayıb.
Həkimin sözlərinə görə, maqnezium çatışmazlığı özünü tək bir konkret simptomla göstərmir, lakin bir neçə qrupdan olan siqnallar problemi üzə çıxara bilər. Əzələ və sinir sistemi ilə bağlı dəyişikliklər xüsusi diqqət tələb edir. Göz qapağının tez-tez çəkilməsi, gecələr baldır əzələlərinin qıcolması, ətrafların uyuşması və əzələ spazmları maqnezium səviyyəsinin aşağı olduğunu göstərə bilər.
Bundan başqa, ümumi vəziyyətdəki dəyişikliklər də əhəmiyyətlidir. Daimi yorğunluq, əsəbilik, səbəbsiz narahatlıq, yuxuya getməkdə çətinlik, konsentrasiyanın zəifləməsi və mütəmadi baş ağrıları bu mineralın çatışmazlığına işarə edən əsas əlamətlərdəndir.
Həkim əlavə edib ki, maqnezium səviyyəsi azaldıqda ürək fəaliyyəti də təsirlənə bilər. Bəzən güclü və ya nizamsız ürəkdöyünməsi hissi yaşanması mineralla bağlı problemin xəbərçisi ola bilər.
Borozdenko eyni zamanda xəbərdarlıq edib ki, maqneziumun artıq qəbulu da təhlükəlidir. Onun sözlərinə görə, xüsusilə böyrək xəstəliyi olan şəxslər həkimlə məsləhətləşmədən maqnezium əlavələrini nəzarətsiz şəkildə qəbul etdikdə sinir sistemi və əzələlər zərər görə bilər.
Mütəxəssis hər hansı simptomlar müşahidə olunduqda əvvəlcə analizlər vasitəsilə maqnezium səviyyəsini yoxlamağı, daha sonra həkim məsləhəti ilə uyğun qida və əlavələr seçməyi tövsiyə edir.






