Mətbəxdə yeməklərə dad və ətir verən ədviyyatlar düzgün saxlanılmadıqda qısa müddətdə keyfiyyətini itirə bilər. 

Foodinfo.az xəbər verir ki, bir çox evdə edilən sadə səhvlər ədviyyatların raf ömrünü əhəmiyyətli dərəcədə azaldır.

Ən çox rast gəlinən yanlışlardan biri ədviyyatların soba və ya qaz plitəsinin yanında saxlanılmasıdır. Yüksək temperatur və buxar onların tərkibindəki aromatik maddələrin dağılmasına səbəb olur. Nəticədə ədviyyatlar həm rəngini, həm də qoxusunu itirir.

Digər geniş yayılmış səhv isə ədviyyat qablarının günəş işığı düşən yerlərdə saxlanılmasıdır. Xüsusilə şəffaf qablar işığın təsirini daha da artırır. Bu da məhsulun keyfiyyətinin tez azalmasına gətirib çıxarır.

Mütəxəssislər nəm qaşıqla ədviyyat götürməyin də riskli olduğunu bildirirlər. Qabın içinə düşən rütubət topalaşmaya və kiflənməyə şərait yarada bilər. Eyni zamanda qapağın tam bağlanmaması hava ilə təması artırır və ətirin tez itməsi ilə nəticələnir.

Üyüdülmüş ədviyyatlar bütöv formada olanlara nisbətən daha tez xarab olur. Bu səbəbdən imkan olduqda ədviyyatları bütöv alıb istifadə zamanı üyütmək daha məqsədəuyğun sayılır.

Mətbəx qaydalarına əməl etməklə – ədviyyatları sərin, quru və qaranlıq yerdə saxlamaqla – onların dad və keyfiyyətini daha uzun müddət qorumaq mümkündür.