Yaz mövsümündə bədənimiz qışdan sonra vitamin və minerallarla zəngin qidalanmaya ehtiyac duyur. Foodinfo.az News.ru saytına istinadla xəbər verir ki, endokrinoloq Anastasiya Samoylova yaz aylarında immuniteti dəstəkləmək və avitaminozun qarşısını almaq üçün rasiona əlavə edilməli məhsulları açıqlayıb.

Tərəvəz və göyərtilər yaz menyusunun əsasını təşkil etməlidir. Brokkoli, karnabahar, xiyar, pomidor və yerkökü qışdan sonra vitamin və mineral ehtiyatını bərpa etməyə kömək edir. Eyni zamanda, cəfəri, şüyüd, keşniş, ispanaq və kərəviz kimi göyərtilər B qrupu vitaminləri, eləcə də C və K vitaminləri ilə zəngindir ki, bu da immuniteti və dəri sağlamlığını dəstəkləyir. Tərəvəzlər həmçinin liflə təmin edərək həzmi normallaşdırır və bağırsaq mikroflorasına dəstək verir.

Rasionda proteinli qidaları unutmaq olmaz. Balıq, quş əti, yumurta, paxlalılar və az yağlı süd məhsulları həm toxluq hissi yaradır, həm də bədən funksiyalarını dəstəkləyir. Dəniz məhsulları və soyuq sıxılmış bitki yağları isə mövsüm dəyişikliklərinə adaptasiyanı asanlaşdırır.

Həmçinin meyvə və giləmeyvələr C vitamini üçün əsas mənbədir. Mütəxəssislər xatırladır ki, yazda balanslı qidalanma avitaminozun qarşısını almaq və ümumi tonusu qorumaq üçün həyati əhəmiyyət daşıyır.