Son günlər sosial şəbəkələrdə “kabak detoksu” adı ilə yayılan qidalanma üsulu geniş müzakirələrə səbəb olub. İddialara görə, bir neçə gün ərzində əsasən kabaq (xüsusilə yaşıl kabaq) əsaslı qidalanma çəki itkisinə və orqanizmin “təmizlənməsinə” kömək edir.
Foodinfo.az xəbər verir ki, kabaq aşağı kalorili, lif və su ilə zəngin tərəvəzdir. Bu xüsusiyyətlərinə görə qısa müddətdə ödemin azalmasına və tərəzidə müəyyən azalma müşahidə olunmasına səbəb olur. Lakin qeyd olunur ki, bu çəki itkisi əksər hallarda yağ deyil, maye itkisi hesabına baş verir.
Həkimlər isə “detoks” anlayışının düzgün başa düşülməsinin vacibliyini vurğulayırlar. Onların sözlərinə görə, sağlam insan orqanizmində qaraciyər və böyrəklər toksinlərin xaric edilməsini təbii şəkildə təmin edir. Tək bir qida üzərində qurulan sərt və məhdudlaşdırıcı pəhrizlər uzunmüddətli perspektivdə faydalı hesab edilmir.
Yalnız bir növ qidaya əsaslanan qidalanma zülal, sağlam yağ və digər vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Bu isə halsızlıq, başgicəllənmə və maddələr mübadiləsinin zəifləməsi ilə nəticələnə bilər. Bundan əlavə, normal qidalanmaya qayıtdıqdan sonra verilən çəkinin geri qayıtma ehtimalı yüksəkdir.
Qeyd olunur ki, sağlam çəki itkisi üçün balanslı rasion, kifayət qədər su qəbulu və fiziki aktivlik daha effektiv və davamlı nəticə verir. Hər hansı pəhrizə başlamazdan əvvəl isə sağlamlıq vəziyyətinin nəzərə alınması tövsiyə olunur.






