Gigiyenik qaydalara və sterilliyə diqqət yetirilərsə, mövsüm zamanı hazırlanan şorabalar insan orqanizminə heç bir fəsad törətməz.
Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərovanın dediyinə görə, qışa tədarük edilən azuqələr plastik butulka və şüşə balonlara yığılmalıdır. Bu məqsədlə istifadə olunan qablar və onların qapaqları ciddi surətdə sterilizə edilməlidir. Çalışmaq lazımdır ki, həmin qablarda mikrob qalmasın. Konsevrləşdirilmək üçün meyvə-tərəvəz mütləq şüşə qablarda bağlanılmalıdır, çünki şüşənin səthində heç bir kimyəvi proses getmir.
Qeyd etmək lazımdır ki, kompot və mürəbbələr, ümumiyyətlə, şəkər tozu ilə hazırlanan azuqələr xarab olmur və heç bir fəsad törətmir. Lakin şorabaların hazırlanıb bağlanılması ikiqat diqqətli olmağı tələb edir. Eyni zamanda, hazırlanma prosesində məhsullar qədərində əlavə edilməlidr ki, istifadə olunarkən təhlükə yaratmasın.
Direktor müavini deyib: “Sirkələr və turşular düzgün texnologiya ilə hazırlanmalı və ilk növbədə, meyvə-tərəvəzin təbii üsula yetişməsinə fikir vermək lazımdır. Onların saxlanıldığı yer isə qaranlıq və sərin olmalıdır. Belə şərait bağlamaların xarab olmasının qarşısını alır. Banka və şorabanın suyunun bulanıqlığı, dəmir qapağın hər hansı deformasiyaya uğraması turşu və bağlamaların xarab olmasından soraq verir və ondan istifadə edilməməsi zərurətini yaradır”. (Azərtac)