Mütəxəssislər insan görməsini dəstəkləyən məhsulların siyahısını açıqlayıblar. Həkimlər bildirirlər ki, düzgün qidalanma göz sağlamlığının qorunmasında mühüm rol oynayır.
Foodinfo.az “Novosti Yu” mənbəsinə istinadla xəbər verir ki, Botkin Xəstəxanası mütəxəssisləri rasiona narıncı rəngli məhsulların əlavə edilməsini tövsiyə edirlər. Yerkökü, bolqar bibəri, xurma kimi məhsullar görməni dəstəkləyən maddələrlə zəngindir.
Aparılan araşdırmalar göstərib ki, düzgün qidalanma yüngül görmə problemlərinin aradan qaldırılmasına kömək edə bilər. Oftalmoloqların illər ərzində topladığı məlumatların təhlili əsasında həkim Andrey Lapoçkin qeyd edib ki, görmə keyfiyyətinə ən çox təsir edən amillərdən biri göz daxili təzyiqdir. Bu göstərici Qlaukoma xəstəliyinin yaranmasında əsas risk faktorudur. Statistikaya görə, xəstəlik daha çox 55 yaşdan yuxarı insanlarda aşkarlansa da, son illərdə gənclər arasında da rast gəlinir.
Həkimlər vurğulayırlar ki, yaxşı görməni qorumaq üçün vaxtında profilaktik müayinələrdən keçmək, balanslı qidalanmaq və kompüter qarşısında keçirilən vaxtı azaltmaq vacibdir. Alimlərin tövsiyəsinə görə, gözlərin təhlükəsizliyi üçün monitorla üz arasındakı məsafə ən azı 50 santimetr olmalıdır.






