Orqanizmdə maye balansının pozulması təkcə fiziki deyil, zehni fəaliyyətə də təsir göstərir. Mütəxəssislər bildirirlər ki, hətta yüngül susuzlaşma belə diqqət və yaddaşa mənfi təsir edə bilər. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, biotexnoloq Anastasiya Lebedeva 1–2 faiz səviyyəsində maye itkisi zamanı belə beyin funksiyalarının zəiflədiyini açıqlayıb.

Onun sözlərinə görə, beyin toxumasının 70–75 faizi sudan ibarətdir. Maye çatışmazlığı zamanı qan dövranı pisləşir, neyronlara oksigen və qida maddələrinin çatdırılması ləngiyir. Bu isə sinir impulslarının ötürülməsinə mənfi təsir göstərir. Nəticədə insan özünü yorğun hiss edir, başda ağırlıq yaranır və zehni məhsuldarlıq azalır.

Ekspert qeyd edir ki, susuzlaşma diqqətin azalmasına, informasiyanın emal sürətinin zəifləməsinə, qısamüddətli yaddaşın pisləşməsinə və qərarvermə qabiliyyətinin enməsinə səbəb ola bilər. Xüsusilə intensiv iş rejimində və ya isti hava şəraitində bu təsir daha qabarıq hiss olunur.

Koqnitiv funksiyaların qorunması üçün ən effektiv seçim adi təmiz sudur. Çünki o, şəkər və ya stimullaşdırıcı maddələr ehtiva etmir və maddələr mübadiləsinə əlavə yük yaratmır. Mütəxəssislər gün ərzində kifayət qədər su qəbul etməyin həm fiziki, həm də zehni sağlamlıq üçün vacib olduğunu vurğulayırlar.