Gündəlik qidalanmada istifadə olunan bəzi ətirli otlar yüksək antioksidant və vitamin tərkibi ilə seçilir. Mütəxəssislər bildirirlər ki, bu bitkilər həm dadı zənginləşdirir, həm də orqanizmə əlavə fayda verir. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, dietoloqlar sağlamlıq üçün ən faydalı hesab edilən otların siyahısını açıqlayıblar.
ABŞ Qidalanma və Dietologiya Akademiyasının nümayəndəsi, qeydiyyatdan keçmiş dietoloq Culi Stefanovski Today.com-a açıqlamasında bildirib ki, yeməklərə ot əlavə etmək duz miqdarını artırmadan dadı gücləndirməyin ən yaxşı yollarından biridir. Dietoloq Natali Rizzo isə vurğulayıb ki, təbii otlar müxtəlif qatqılı ədviyyatları əvəz edə bilər və az kalorili olsa da, qida dəyəri yüksəkdir. Onun sözlərinə görə, bu bitkilər bütöv və işlənməmiş məhsul kimi orqanizmə faydalı maddələr təqdim edir.
Mütəxəssislər ən faydalı otlar sırasında ilk olaraq cəfərini qeyd edirlər. Klivlend Klinikasının dietoloqu Culiya Zumpano cəfərinin A, C və K vitaminləri ilə zəngin olduğunu və iltihabəleyhinə flavonoidlər ehtiva etdiyini bildirib. Kişnişin immun sistemini dəstəkləyən vitaminlər və qan təzyiqi üçün faydalı kalium mənbəyi olduğu vurğulanır. Eyni zamanda onun antioksidantlarla zəngin olduğu və beyin sağlamlığını qorumağa kömək etdiyi qeyd edilir.
Rozmarin və reyhan da siyahıda xüsusi yer tutur. Stefanovskinin sözlərinə görə, rozmarindəki birləşmələr yaşlanma ilə bağlı hüceyrə zədələnməsinin bərpasına dəstək ola bilər. Reyhanın isə qan şəkəri, təzyiq və koqnitiv funksiyalara müsbət təsir göstərə biləcəyi araşdırmalarda əksini tapıb. Adaçayı yüksək polifenol tərkibi ilə oksidləşdirici stressə qarşı mübarizədə faydalı hesab olunur.
Oreqano antimikrob və antivirus xüsusiyyətləri ilə seçilir və iltihabəleyhinə təsir göstərən flavonlarla zəngindir. Nanə həzm sistemini rahatlaşdırır, ürəkbulanmanı və ağız qoxusunu azaltmağa kömək edir. Kəklikotu isə A və C vitaminləri ilə zəngin olmaqla hüceyrələri zədələnmədən qoruyur və iltihabəleyhinə təsir göstərir.
Dietoloqlar xatırladırlar ki, ətirli otların düzgün saxlanması vacibdir, çünki zaman keçdikcə onların dadı və faydalı maddələri azala bilər.






