Bir çox insan arterial təzyiqin əsas düşməninin yalnız duz olduğunu düşünür. Halbuki mütəxəssislər xəbərdarlıq edirlər ki, başqa təhlükəli qida qrupu da ürək və damar sağlamlığına mənfi təsir göstərə bilər. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, kardioloq Yelena Solomko ultraişlənmiş və “iltihab yaradan” qidaların təzyiqi gizli şəkildə artıra biləcəyini açıqlayıb.

Həkimin sözlərinə görə, bu cür məhsullar orqanizmdə xroniki iltihabi prosesləri gücləndirir, maddələr mübadiləsinə təsir edir və hətta duz qəbulunu məhdudlaşdıran insanlarda belə hipertoniyanın yaranmasına səbəb ola bilər. Risk qrupuna əsasən şirniyyatlar, qazlı və enerji içkiləri, rafinə olunmuş karbohidratlar və artıq şəkər daxildir. Bu məhsullar insulin səviyyəsini artıraraq natriumun orqanizmdən xaric olunmasını çətinləşdirir və maye tutulmasına yol açır. Nəticədə arterial təzyiq yüksələ bilər.

Alkoqol da az təhlükəli deyil. Onun müntəzəm qəbulu damar tonusuna və ürəyin fəaliyyətinə mənfi təsir göstərərək hipertoniyanın inkişaf riskini artırır. Kardioloq həmçinin bəzi yetişdirilmiş və fermentləşdirilmiş məhsullara qarşı diqqətli olmağı tövsiyə edir. Köhnə pendirlər, bekon və salam kimi məhsullarda olan tiramin maddəsi damarların daralmasına və təzyiq sıçrayışlarına səbəb ola bilər.

Digər az tanınan risk faktoru isə lakris (şirin kök) hesab olunur. Tərkibindəki qlitsirizin turşusu kaliumun azalmasına, bunun nəticəsində isə orqanizmdə maye yığılmasına gətirib çıxarır. Bu da ürək-damar sisteminə əlavə yük yaradır.

Emal olunmuş ət məhsulları – kolbasa, sosiska, ət konservləri, eləcə də doymuş yağlarla zəngin yarımfabrikatlar da damar divarlarının elastikliyini azaldır. Uzun müddətdə bu, qan dövranını çətinləşdirir və ürək xəstəlikləri riskini artırır. Araşdırmalar göstərir ki, iltihabyaradıcı qidalanma tərzinə üstünlük verən şəxslərdə ürək-damar xəstəliklərinin inkişaf riski 38 faiz daha yüksəkdir. Mütəxəssislər bu təsirin mexanizmlərindən biri kimi bağırsaq mikrobiotasında baş verən dəyişiklikləri qeyd edirlər.