Sağlam və balanslı qidalanma gün ərzində enerjinin qorunmasında mühüm rol oynayır. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, mütəxəssislər gündəlik zülal ehtiyacının düzgün hesablanmasının orqanizmin normal fəaliyyəti üçün vacib olduğunu bildiriblər. Dietoloqların sözlərinə görə, zülal hüceyrələrin qurulmasında, əzələlərin möhkəmlənməsində, immun sisteminin güclənməsində və hormonların düzgün işləməsində əsas maddələrdən biridir.

Mütəxəssis Sintiya Sass qeyd edib ki, zülal həmçinin dəri və saçların sağlamlığını qoruyur, fiziki yüklənmədən sonra əzələlərin bərpasına kömək edir. Zülal çatışmazlığı isə əzələ kütləsinin azalmasına, saç və dırnaqların zəifləməsinə, immun müdafiənin aşağı düşməsinə səbəb ola bilər. Digər dietoloq Aleks Kaspero bildirib ki, orqanizm bir qida qəbulunda orta hesabla 15–25 qram zülalı əzələlər üçün istifadə edə bilir, artıq hissə isə enerji mənbəyinə çevrilir.

Mütəxəssislərin açıqlamasına görə, gündəlik minimal zülal norması bədən çəkisinin hər kiloqramı üçün təxminən 0,8 qram təşkil edir. Lakin aktiv həyat tərzi keçirənlər, idmanla məşğul olanlar və 50 yaşdan yuxarı şəxslər üçün bu göstərici daha yüksək olmalıdır. Belə şəxslərə hər kiloqram çəki üçün 1,1–1,6 qram, intensiv məşq edənlərə isə 2 qrama yaxın zülal tövsiyə olunur. Araşdırmalar göstərir ki, yaşlı insanların daha çox zülal qəbul etməsi hərəkət qabiliyyətini və ümumi fiziki vəziyyəti yaxşılaşdırır.

Dietoloqlar zülalın gün ərzində bərabər paylanmasını məsləhət görürlər. Səhər yeməyində yumurta, qatıq və avokado, naharda toyuq və ya hinduşka əti, axşam isə yağsız balıq, lobya və pendir daha məqsədəuyğundur. Ara yeməkləri üçün isə kəsmik yaxşı seçim hesab olunur.

Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş zülallı qidalar həm toxluq hissini artırır, həm də maddələr mübadiləsini dəstəkləyir. Bu qaydalara əməl etməklə orqanizmin gündəlik zülal ehtiyacını asanlıqla ödəmək mümkündür.