Beynəlxalq tədqiqatçılar həftəlik aclığın insan orqanizminə molekulyar səviyyədə təsirini araşdırıblar. Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, eksperimentdə sağlamlığı normal olan 12 könüllü iştirak edib və yeddi gün ərzində yalnız su qəbul ediblər. Tədqiqatın üçüncü günündən etibarən iştirakçılarda müsbət dəyişikliklər müşahidə olunmağa başlayıb.

Aclıq yalnız çəkinin azalmasına səbəb olmur, həm də daxili orqanların funksiyasını yaxşılaşdırır. Tədqiqat zamanı könüllülərin minlərlə zülal səviyyəsi izlənib. Nəticədə orta hesabla iştirakçıların çəkisi 5,7 kq azalıb, hüceyrələrdə və beyin toxumalarında zülal səviyyəsində əhəmiyyətli dəyişikliklər baş verib. Bu isə metabolizm və digər fizioloji proseslərin tənzimlənməsinə təsir göstərib.

Tədqiqatçılar bildirirlər ki, aclıq həm kişilərdə, həm də qadınlarda qaraciyər və mədəaltı vəzi funksiyasını yaxşılaşdırır, revmatoid artrit və ateroskleroz riskini azaldır. Mütəxəssislər qeyd edirlər ki, həftəlik aclıq yalnız düzgün nəzarət altında və tibbi məsləhətlə tətbiq olunmalıdır, çünki uzun müddətli aclıq sağlamlıq üçün risklər də yarada bilər. Düzgün planlaşdırılmış və nəzarətli aclıq metabolizmin gücləndirilməsi və orqan funksiyalarının yaxşılaşdırılması baxımından potensial faydalı üsul sayılır.