Yumurtanın təzəliyini yoxlamaq qida zəhərlənmələrinin qarşısını almaq üçün vacibdir.

Foodinfo.az xəbər verir ki, soyuducuda saxlanılan yumurtaların xarab olub-olmadığını müəyyən etmək üçün bir neçə sadə üsul mövcuddur.

Birinci üsul su testidir. Bunun üçün qab su ilə doldurulur və yumurta suya salınır. Əgər yumurta qabın dibinə çökərək yan üstə qalırsa, təzə hesab olunur. Dibə çöküb dik vəziyyətdə qalması onun köhnəldiyini göstərir, lakin hələ istifadə oluna bilər. Səthə qalxan yumurtalar isə xarab sayılır və istifadəsi tövsiyə edilmir. Bu yumurtanın daxilində zamanla hava boşluğunun artması ilə izah edilir.

İkinci üsul qoxu testidir. Yumurta qırıldıqdan sonra kəskin və xoşagəlməz qoxu hiss olunarsa, bu onun xarab olduğuna işarədir. Təzə yumurtanın isə demək olar ki, xüsusi qoxusu olmur.

Üçüncü üsul isə görünüş yoxlamasıdır. Yumurtanın sarısı tez dağılırsa, ağı həddindən artıq sulu və yayılmış vəziyyətdədirsə, bu, məhsulun köhnəldiyini göstərir. Qeyri-adi rəng və ya ləkələr də diqqətə alınmalıdır.

Şübhə yarandığı halda yumurtadan istifadə etməmək tövsiyə edilir. Eyni zamanda yumurtaların soyuducuda təxminən +4°C temperaturda saxlanılması və qablaşdırma tarixinin yoxlanılması vacib sayılır.