Bəzi ərzaqlar zamanla keyfiyyətini itirmir və uzun müddət saxlanıla bilir. Bu məhsullar evdə strateji ehtiyat yaratmaq üçün əlverişlidir və gözlənilməz hallarda böyük rahatlıq təmin edir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bir sıra məhsullar aylarla, hətta illərlə xarab olmadan saxlanıla bilər. Onların əsas üstünlüyü xüsusi şərait tələb etməməsi və qida dəyərini qorumasıdır.
İlk növbədə ərinmiş yağ qeyd olunur. Adi kərə yağı qısa müddətdə xarab olduğu halda, tərkibində su və zülal hissəsi çıxarılmış ərinmiş yağ otaq temperaturunda 1–2 il saxlanıla bilər. Ədviyyatlar və qurudulmuş otlar da uzunömürlüdür – zamanla ətiri zəifləsə də, 1–3 il istifadəyə yararlı qalır.
Qarabaşaq, mərci və perlovka kimi dənli və paxlalı məhsullar 2–5 il quru şəraitdə saxlanıla bilər. Xüsusilə mərci tez bişməsi və yüksək zülal tərkibi ilə seçilir. Bərk buğdadan hazırlanmış makaronlar da 2–5 il ərzində keyfiyyətini qoruyur.
Ağ düyü düzgün, hava keçirməyən qablaşdırmada onilliklərlə saxlanıla bilər. Qəhvəyi düyü isə tərkibindəki yağlara görə daha az davamlıdır. Bal isə demək olar ki, xarab olmur – aşağı rütubət və təbii antibakterial xüsusiyyətləri sayəsində illərlə keyfiyyətini saxlayır. Şüşə qabda saxlanılan sirkə də müddətsiz istifadə oluna bilər.
Zeytun yağı sərin və qaranlıq yerdə təxminən 2 il keyfiyyətini itirmir. Konserv məhsullar isə hermetik qablaşdırma və istilik emalı sayəsində 2–5 il saxlanıla bilir.
Mütəxəssislər qeyd edir ki, məhsulların uzunömürlü olması üçün əsas şərt quru, sərin və günəş şüasından uzaq mühitdə saxlanmasıdır. Bu qaydalara əməl etməklə evdə etibarlı ərzaq ehtiyatı formalaşdırmaq mümkündür.






