Düzgün seçilmiş qidalar ürək-damar sisteminin möhkəmlənməsində mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, gündəlik rasionda təbii və bitki mənşəli məhsulların artırılması sağlamlığın qorunmasına böyük dəstək verir. Foodinfo.az Lenta.ru saytına istinadla xəbər verir ki, kardioloq Natalya Solovyova ürək sağlamlığını qorumaq üçün yaşıllıq və tərəvəzlərə daha çox yer ayırmağı tövsiyə edib.
Onun sözlərinə görə, kahı, cəfəri, şüyüd, ispanaq, brokkoli və balqabağın müntəzəm qəbulu qan təzyiqinin tənzimlənməsinə və iltihabi proseslərin azalmasına kömək edir. Həkim bildirib ki, soyuq dəniz balıqları, avokado və zeytun yağı da ürək üçün faydalıdır.
Bundan əlavə, tam taxıllı yarmalar və paxlalılar xolesterinin orqanizmdən xaric olunmasına yardım edir, giləmeyvə və meyvələrdə olan faydalı maddələr isə damarların elastikliyini qoruyur. Mütəxəssis vurğulayıb ki, balanslı və rəngarəng qidalanma ürək sağlamlığının əsas açarlarından biridir.






