Bəzi qidalar zahirən zərərsiz görünsə də, gündəlik enerji miqdarını sürətlə artıra bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə ara yeməklərdə fərqinə varmadan qəbul edilən məhsullar çəki artımına səbəb ola bilər. Foodinfo.az Gazeta.ru saytına istinadla xəbər verir ki, məşqçi-qidalanma üzrə mütəxəssis Yuri Brabeçan bəzi yüksək enerji dəyərinə malik qidalar barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, bir ədəd xurma təxminən 20–25 kilokaloridir, altı-səkkiz ədəd isə artıq 120–200 kilokalori edir və çox qısa müddətdə qəbul olunur. Həmçinin qəhvə üçün şərbətlər, qranola, qoz-fındıq və tumlar da düşünüldüyündən daha çox enerji verir. Mütəxəssis əlavə edib ki, hətta yüngül hesab edilən “Sezar” salatı belə sous və qızardılmış toyuq səbəbindən 700 kilokaloriyə çata bilər.
Həkim-diyetoloq Tatyana Zalyotova isə aif.ru saytına açıqlamasında bərk buğda növündən hazırlanan makaronlara üstünlük verilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu cür məhsul nişastanın sıx quruluşuna görə daha ləng mənimsənilir. Bundan əlavə, belə makaronda zülal, lif, maqnezium və B qrupu vitaminləri daha çoxdur ki, bu da sağlamlığını qorumaq istəyənlər üçün faydalı seçim sayılır.






