Kartof uzun illər ərzində yüksək kalorili və az faydalı məhsul kimi qiymətləndirilsə də, son araşdırmalar onun əksinə olaraq orqanizm üçün dəyərli qida mənbəyi olduğunu göstərir. Bu tərəvəz düzgün istifadə edildikdə sağlam qidalanmanın vacib hissəsinə çevrilə bilər. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, klinik nutrisioloq və biokimyaçı Violetta Oqanesyan kartofun faydaları barədə diqqətçəkən məlumatlar paylaşıb. Onun sözlərinə görə, adi kartofda kaliumun miqdarı hətta bananla müqayisədə daha yüksək ola bilər. Bu mineral sinir və əzələ fəaliyyətinin düzgün işləməsi üçün vacibdir və arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayır.
Mütəxəssis qeyd edir ki, kartof həm də güclü vitamin mənbəyidir. Orta ölçülü bir kartof gündəlik vitamin C ehtiyacının təxminən 25 faizini təmin edir. Bu vitamin toxumaların bərpasına kömək edir, antioksidant təsir göstərir və immun sistemini gücləndirir. Eyni zamanda orqanizmi ürək-damar xəstəlikləri və digər xroniki problemlərdən qorumağa dəstək verir. Kartofun tərkibində olan fenol birləşmələri isə iltihabın azalmasına və immun sisteminin tənzimlənməsinə kömək edir.
Bundan əlavə, kartof B6 vitamini ilə də zəngindir ki, bu da ürək və sinir sisteminin sağlam fəaliyyəti üçün əhəmiyyətlidir. Xüsusilə qabığı ilə birlikdə bişirilmiş kartof lif baxımından çox faydalıdır. Belə formada qəbul edilən orta ölçülü bir kartof gündəlik lif ehtiyacının 10-20 faizini qarşılayır. Bu isə həzm sisteminin yaxşı işləməsinə və toxluq hissinin uzun müddət qorunmasına kömək edir. Mütəxəssislər kartofun qızardılmış deyil, bişmiş və ya sobada hazırlanmış formada istehlakını daha faydalı hesab edirlər.






