Son illərdə şəkərdən tam imtina tendensiyası geniş yayılsa da, mütəxəssislər bunun hər zaman sağlam seçim olmadığını vurğulayırlar. Qidalanma üzrə ekspertlər bildirirlər ki, şəkərin bütün növlərini eyni dərəcədə zərərli hesab etmək elmi baxımdan düzgün yanaşma deyil və bu məsələ daha balanslı qiymətləndirilməlidir. Foodinfo.az Very Well Health portalına istinadla xəbər verir ki, Harvard Universitetinin professoru Frank Hu şəkərlərin müxtəlif növlərinin olduğunu və xüsusilə əlavə şəkərlərin məhdudlaşdırılmasının vacibliyini qeyd edib.

Ekspertin sözlərinə görə, təbii məhsullarda mövcud olan şəkərlər, məsələn, meyvələrdə və balda olan fruktoza və digər komponentlər orqanizm üçün müəyyən faydalar daşıyır, çünki onların tərkibində antioksidantlar və bioloji aktiv maddələr mövcuddur. Bununla belə, bu məhsulların da həddindən artıq qəbulu mənfi təsir göstərə bilər və qan şəkərinin artmasına səbəb ola bilər. Frank Hu xüsusilə meyvələrin desert kimi, lakin acqarına deyil, qəbul edilməsinin daha düzgün olduğunu vurğulayır.

Digər dietoloq Sandra J. Arevalo isə bildirir ki, şəkərin tam çıxarılması əslində karbohidratların məhdudlaşdırılması deməkdir ki, bu da orqanizmin enerji balansını poza bilər. Onun fikrincə, əsas problem şəkərin özündə deyil, onun həddindən artıq istifadəsindədir və düzgün porsiya nəzarəti ilə bu risklər minimuma endirilə bilər. Mütəxəssislər yekun olaraq balanslı və müxtəlif qidalanmanın sağlamlığın qorunmasında əsas rol oynadığını bildirirlər.