Son illərdə sürətlə yayılan sərt və balanssız pəhrizlər insan sağlamlığı üçün ciddi təhlükələr yaradır və mütəxəssislər bu tendensiyaya qarşı açıq xəbərdarlıqlar edirlər. Xüsusilə gənclər arasında populyar olan qida məhdudiyyətləri orqanizmin normal fəaliyyətini poza və uzunmüddətli fəsadlara səbəb ola bilər.
Foodinfo.az Radio 1-ə istinadla xəbər verir ki, Moskva vilayəti Səhiyyə Nazirliyinin baş endokrinoloqu İnna Misnikova sərt pəhriz saxlayan şəxslərin nadir – beşinci tip diabet riski ilə üzləşə biləcəyini bildirib. Onun sözlərinə görə, qidalanmada ciddi məhdudiyyətlər maddələr mübadiləsini pozur və bəzi hallarda psixoloji problemlərlə müşayiət olunur, xüsusilə gənc qadınlar arasında bu hallar daha çox müşahidə edilir.
Mütəxəssis qeyd edib ki, “qidalanma çatışmazlığına bağlı diabet” zamanı mədəaltı vəzin strukturu zədələnir və zülal çatışmazlığı səbəbindən bu orqan normal inkişaf etmir. Bu isə xəstəliyin gedişatını ağırlaşdırır və erkən müdaxiləni həyati əhəmiyyətli edir. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının bu tip diabeti yenidən təsnifata daxil etməsi, xüsusilə hamilə qadınlar və azyaşlı uşaqlar arasında qida çatışmazlığı probleminə diqqətin artırılmasına xidmət edir.






