Milli Məclisin deputatı Çingiz Qənizadə maraqlı hadisə ilə rastlaşıb. Belə ki, millət vəkilinin aldığı yemiş “canlı bomba kimi partlayıb”.
Bu barədə məlumat verən deputat bildirib ki, təxminən 2 kiloqram çəkidə olan yemişi Göyçay şəhərinin çıxışında yolun kənarında satılan minik avtomobillərindən birindən alıb.
“Yemişi evdə kəsəndə sanki bir bomba partladı. İçərisindəki tumları və maye iylənmiş şəkildə dağıldı. Daha sonra məhsulun içinə baxdıqda gördük ki, daxilində bərkimiş göbələyə oxşar, qozdan da böyük həcmdə mayelər var”.
Bu hadisəyə görə narahat olduğunu dilə gətirən Ç. Qənizadə ölkədə bostan sahəsinə diqqətin artırılmalı olduğunu vurğulayıb:
“Bu, bir dəhşətdir. Mən həmişə bu cür hallara qarşı barışmaz olmuşam. Hazırda kənd təsərrüfatı sahəsində işlər getsə də, yenə də meyvə-tərəvəzlə birlikdə bostan sahələrinə də diqqət və nəzarət gücləndirilməlidir. Bostan məhsullarını yetişdirən bəzi fermerlər varlanmaq naminə sahələrə normadan artıq kimyəvi maddələr, preparatlar vurmaqla bostan məhsulunun həcmini artırmağa və tez yetişdirməyə çalışırlar. Amma onlar başa düşmürlər ki, vətəndaşı olduqları ölkənin digər vətəndaşını, hətta bir ailəni beləcə zəhərləyib məhv edə bilərlər. Buna görə də müəyyən güc strukturları hərəkətə keçməli, yollarda satılan bostan məhsulları yoxlanışdan keçmədən satışa çıxarılmamalıdır”.
(Qafqazinfo)