Naxçıvan mətbəxinin özünə məxsus zəngin yeməkləri var. Bu soyuq qış günlərində bişirilən qovurma haqqında qısa məlumat verək. Qovurmadan Naxçıvanla yanaşı Azərbaycanın bir çox bölgələrində fərqli tərzdə yeməklər hazırlanır. Qovurmaya təkcə milli mətbəx nümunəsi kimi yox, eləcə də xalqımızın zəngin tarixi keçmişini özündə əks etdirən milli ərzaq məhsul kimi baxmaq lazımdır. Qovurma haqqında "Kitabı-Dədə Qorqud" dastanında da bəhs olunub.

 

Naxçıvan qovurması, iki-üç yaşlı qoç yaxud erkək dana ətindən hazırlanır. Onu qeyd edək ki, qovurma həzm vaxtı gündəlik həyatımızda yediyimiz qızartmalardan əziyyət çəkənlər üçün zərərli deyil. Qovrulmaq üçün kəsiləcək heyvan qüvvəli yemlə deyil, dağların gül-çiçəyi ilə bəslənir. Məhz ona görə qovrulmaq üçün nəzərdə tutulan əti bu işi bilən kəndli fermerlərdən almaq daha məsləhətlidir. Naxçıvanın qədim adətlərindən söhbət açmışıqsa onu qeyd edək ki, kimin həyət evində qovurma hazırlanarsa bundan bütün məhəllənin xəbəri olar.

 

Qısa olaraq qovurmanın hazırlamasından məlumat verək. İlk öncə ət yaxşı yuyulur. Daha sonra qovrulacaq ət qaynadıldıqdan sonra, işgənə (təngov) suyu qablara paylanılır, istənilən şəxsə verilir. Daha sonra ət yaxşı qızardılır. Mis qazanda hazırlanan qovurma sərin yerdə və çuqun qablarda saxlanıla bilər. Qeyd edək ki, qovurmanın uzun müddətli qalması üçün, kəsilmiş heyvanın iç yağı əlavə olunmalıdır. Qovurmadan qısa müddətdə 10-15 adda dadlı yemək hazırlamaq mümkündür.