"Azərbaycana cins camışların gətirilməsi nəzərdə tutulub. Bu məsələ 2019-2025-ci il Dövlət Proqramına salınıb".
Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) yeni rəisi Bayandur Rzayev deyib.
"Hazırda Ağdaş rayonunda belə bir təsərrüfat fəaliyyət göstərir. Bolqarıstandan yeni növ camışlar gətirilib. Əgər Ağdaşdakı təsərrüfat yaxşı nəticə versə, belə bir layihənin bütün rayonlarda tətbiqinə başlanılacaq", - o bildirib.
B.Rzayev DBNX üçün növbəti illərdə prioritet sayılan məsələlərdən də danışıb: "Əsas məqsədimiz heyvanlardakı xəstəliklərin və ölümlərinin qarşısını almaq, heyvanların sayını artırmaq, vətəndaşın yanında olmaq, ərzaq təhlükəsizliyi ilə bağlı yarana biləcək problemi aradan qaldırmaq, ölkəmizin xarici bazara çıxışını təmin etməkdir. Biz vətəndaşın ayağına getməliyik. Ona görə də fermerlərlə daimi olaraq görüşlər keçiririk".
DBNX rəisi rayonlarda baytar həkimi çatışmazlığına da münasibət bildirib: "Gənclərin baytarlıq sahəsinə marağının yaranması məqsədilə məktəblərdə təbliğat aparılmalıdır. Bu yolla problem aradan qaldırmaq olar". (Report)