Çay gündəlik qida rasionumuzun əsasını təşkil edir və dünyada ən çox istehlak edilən içkilərdən sayılır. Onun dünyada 1500-dən çox növü var. Azərbaycanda çayın əsasən qara və yaşıl növləri istehlak edilir. Mütəxəssislər tövsiyə edirlər ki, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş çaylardan mümkün qədər az istifadə etmək lazımdır.
Foodinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov deyib: "Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş çayların təhlükə riski dəmlənmə çaylarla müqayisədə daha çoxdur. Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş çayların paketləri suda rahat islanması və cırılmaması üçün xüsusi kimyəvi vasitələrdən istifadə olunaraq istehsal edilir və xüsusi qurğular vasitəsilə qurudulur. Həmçinin araşdırmalar göstərir ki, bu çayların orqanizm və sağlamlıq üçün təhlükə yaratmaq riski də var".
Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş çaylar ilk dövrlərdə satışa çıxarılarkən onun tutacaq (sap) hissəsini bərkitmək üçün simlərdən istifadə olunurdu. Həmin simdəki zərərli maddələr çaya keçir və bu da öz növbəsində insan sağlamlığı üçün təhlükə yaradırdı. Hazırda həmin hallara rast gəlinməsə də, bu barədə məlumatlı olmağın faydası var. Çəki ilə satılan və ya xüsusi qablaşdırmada fərqli əmtəə nişanları olan qutulardakı çayları isə düzgün dəmləyib içmək məsləhət görülür.