Masasallı rayonunda sahələrdən pomidor yığımı davam edir. Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyəti məhsul yığımı mövsümü ilə bağlı istehsalçılara dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri Masallı rayonunun Gəyəçöl kəndində Bəybala Əsədova məxsus pomidor sahəsində həyata keçirilib. Cəmiyyətin nümayəndələri sahələrdə yetişdirilən pomidor məhsulunun tədarükünə başlayıblar. Pomidor məhsulunun yetişmə dövrü keçdiyindən Cəmiyyətin nümayəndələri fermerlərdən tədarük etdikləri məhsulu bazarlara deyil, bir başa istehsal-emal müəssisələrinə təhvil verirlər. Növbəti günlərdə digər kəndlərdə də məhsul tədarükü həyata keçiriləcək. Qeyd edək ki, bu ilin altı ayı ərzində Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət büdcəsindən maliyyələşən 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb, həmin müqavilələrə əsasən, müəyyənləşdirilən tələbatlar “tedaruk.az” portalına yerləşdirilib və 173 məhsul növü üzrə 286 istehsalçı və satıcıdan onlayn rejimdə təkliflər qəbul edilib. Həmin təkliflər üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra 241 istehsalçı və satıcı ilə müqavilə imzalanıb. Nəticədə, bu ilin birinci yarısında istehsalçı və satıcılardan 28 min ton, dəyəri 52 milyon manat olan kənd təsərrüfatı və ərzaq məhsulları tədarük edilərək mərkəzi, yerli icra hakimiyyəti orqanlarına məxsus 1934 təchizetmə nöqtəsinə çatdırılıb. Daxili bazarda bu müddət ərzində 20348 kiloqram tərəvəz, 3248 kiloqram meyvə-giləmeyvə, 1636 kiloqram bostan, 4179 kiloqram dənli-paxlalı məhsullar satılıb. Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli bildirib ki, daxili bazar üçün kartof, soğan, badımcan, kələm və digər məhsullar istehsalçılardan elə tarlada tədarük edilərək Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Əhmədli və Masazır qəsəbələrində, “Yaşıl bazar”da satışı həyata keçirilib. Xaçmaz, Biləsuvar, Masallı və digər rayonlarda pomidor əkini ilə məşğul olan istehsalçılara dəstək vermək məqsədilə altı ay ərzində 91 ton məhsul tarladan alınaraq satışa yönəldilib. İl ərzində 271 tondan çox pomidorun alınması planlaşdırılır. Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyəti pomidor istehsalçılarına məsləhət görür ki, “1659” qaynar xəttinə müraciət edərək məhsullarının həcmi, təsərrüfatın dislokasiyası haqda məlumatlar versinlər. Səhmdar Cəmiyyət yaxın günlərdə pomidor istehsalçılarından lazımi miqdarda məhsul tədarük edəcək. (AZƏRTAC)