Qidalanma rejiminə diqqət etmək balanslı qidalanmanın zəruri şərtlərindən biridir. Yalnız nə və nə qədər yediyimiz deyil, eyni zamanda nə vaxt və nə qədər tez-tez yediyimiz də vacibdir. Adətən, məktəblilər gündəlik gərginlikdən asılı olaraq sutkada 4 və ya 5 dəfə qidalanmalıdırlar.
Gündəlik qidalanma saatları:
Evdə səhər yeməyi: 7.30 - 8.00
Nahar: 14.00 - 14.30
Günorta qəlyanaltı: 16.30 - 17.00
Şam yeməyi: 19.00 - 19.30
Səhər yeməyi. Məktəblilərin səhər yeməyi yüksək enerji mənbəyi ilə bol olmalıdır. Səhər yeməyində kifayət qədər zülal (yumurta, kəsmik, pendir, ət və ya toyuq katleti və s.), yağ (kərə yağı, avokado, zeytun və s.) və müəyyən qədər karbohidrat (çörək, banan, xiyar, pomidor,alma, portağal və s. ) yer almalıdır. İçki olaraq kakao və ya çay içmək olar. Dənli bitkilər (darı, qarabaşaq yarması, düyü, qarğıdalı və s.) çoxlu vitamin və minerallarla zəngindir. Qarabaşaq yarması bitki lifləri, minerallar: maqnezium, sink, mis, kalsium, dəmir və B qrup vitamin ilə zəngindir. Yulafın da tərkibində eyni zamanda əvəzolunmaz amin turşuları, yağlar, minerallar B qrupu və E vitami yüksəkdir. Səhər oyandıqdan sonra 1 stəkan ilıq (ağzı yandırmayan istiyə yaxın) su içmək məsləhətdir. Çünki ilıq su öd yollarından öd axıcılığını təmin edir və mədəyə düşən qidanın yaxşı həzm olunmasına, vitamin və mineralların orqanizm üzrə düzgün paylanılmasına kömək edir. İlıq su içdikdən yarım saat sonra səhər yeməyinə başlamaq olar.
Nahar yeməyi. Nahar zamanı insan qidanın sutkalıq normasından daha çoxunu yeyir. Naharda isti xörəklərə, şorbalara, ətdən və ya balıqdan hazırlanan yeməklərə üstünlük verin. Ətdən hazırlanan qidaların yanında tərəvəzlər mütləq olmalıdır. Tərəvəzlər ətdə olan dəmirin orqanizm tərəfindən mənimsənilməsinə kömək edir. Ət yeyərkən üzərinə limon sıxılmasa da orqanizm üçün faydalıdır. Qış aylarında xörəklərin yanında az duzlu kələm, xiyar, pomidor, soğan, müxtəlif göyərtilər, konservləşdirilmiş yaşıl noxud yeyə bilərsiz. Qızardılmış, hisə verilmiş, tez hazırlanan yarımfabrikatlar, fast-fud qidalardan, kolbasa və sosiskalardan uzaq olun.
Günorta yüngül qəlyanaltı kimi təzə meyvə və ya giləmeyvələr, evdə hazırlanan yoqurtlar, çərəzlər, tərəvəzlər yeyə bilərsiz.
Şam yeməyi. Şam yeməyi təqribən səhər yeməyi kimi olmalıdır. Yağlı ət xörəklərinin gec həzm olunması səbəbindən şam yeməyinə məsləhət deyil. Daha yüngül qidalara tərəvəz salatlarına, kəsmikdən hazırlanan kökələrə, balığa, kotlet, sobada hazırlanan tərəvəzlərə üstünlük verin.