Dubayın “Bur Dubai” rayonunda yerləşən “Drinkand Spice Magics” restoranı Rubi adlı robotu ofisiant kimi işə götürüb.
Rubi restorana gələn qonaqlara xidmət etmək üçün xüsusi cığırla bir masadan digərinə doğru hərəkət edir. Müştərilərin doğum günlərində və digər əlamətdar hallarda Rubi onlar üçün musiqi də ifa edir.
“4amGroup”un icraçı direktoru Arif Məhəmməd bildirib ki, Yaponiyada səfərdə olarkən orada robotların gündəlik həyatın tərkib hissəsinə çevrildiyini müşahidə edib. Ofisiant-robotlar A.Məhəmmədə çox güclü təsir bağışlayıb və o, yeni müəssisədə ənənələrlə müasirliyin əlaqələndirilməsi üçün bu konsepsiyadan istifadə etməyi qərara alıb.
A.Məhəmməd daha sonra bildirib ki, yaxın iki ildə Körfəz regionunda 100-dən çox restoran açmağı planlaşdırır. Bu il oktyabr ayına qədər Dubayda və Səudiyyə Ərəbistanında açılacaq iki müəssisədə bu bazar üçün yeni, unikal texnologiyalarla təchiz olunmuş beş-altı robot çalışacaq. (Azərtac)