Salyanın qəsəbə və kəndlərindəki istixanaların şəbəkəsi ilbəil genişlənir. Bu sahənin yüksək mənfəətli olduğu üçün fermerlər istixana şəraitində tərəvəz (xiyar, pomidor) yetişdirilməsinə daha çox üstünlük verirlər. Rayonda təsərrüfatın bu sahəsi ilə ən çox Qarabağlı, Yenikənd, Xələc, Yolüstü kəndləri və Qaraçala qəsəbəsində fəaliyyət göstərən məhsul istehsalçıları məşğul olur. Onlar hər il istixanalarda yetişdirdikləri tərəvəzi daxili və xarici bazarlara göndərərək yüksək mənfəət götürürlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məhsul istehsalçıları cari ilin 6 ayı ərzində rayonda mövcud olan 147 istixanadan 14 min 29 ton məhsul götürüblər ki, bunun da 178 tonu xiyar, 13 min 851 tonu isə pomidor olub.
Qarabağlı kənd sakini fermer Abbas Həsənov bildirib ki, bu mövsüm 2.5 hektar sahəsi olan istixanadan 520 ton məhsul istehsal edib bazara göndərib. “Sifarişçilərin məhsula olan tələbatını nəzərə alaraq gələcəkdə istixananın ərazisini 3-3.5 hektara çatdırmaq fikrindəyəm”, - deyə fermer vurğulayıb.
Qeyd edək ki, ötən il rayonun ayrı-ayrı yaşayış məntəqələrində fəaliyyət göstərən 110 istixana kompleksindən 13 min 986 ton məhsul yığılıb.