“Səhər yeməyinin insana bir çox faydaları var, lakin bir şərtlə ki, səhərlər şirinçay içməyi unutmaq lazımdır, sadə, təzə dəmli çay kifayət edir”.
Foodinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, bir çox millətlərdə hətta səhər yeməyi ənənəsi var:
“Səhər yeməyi ilk növbədə axşamdan mədədə toplanan turşu hovuzu üçün neytrallaşdırıcı bir vasitədir, mədə daha sağlam olur. Səhər yeməyi sirkadian ritmini aktiv saxlayır, metabolizmi sürətləndirir. İnsanın faydalılıq əmsalının ən yüksək olduğu məhz səhər saatlarıdır ki, insana bu zaman sağlam enerji lazımdır və biz onu səhər yeməyindən alırıq”.
Mütəxəssis-ekspert bildirib ki, səhər yeməyindən imtina edən insanlar artıq bədən çəkisinə daha çox meyilli olurlar:
“Fikir versəniz biz əsas Ca, vitamin D kimi immun sistemini aktiv tutan maddələri məhz səhər yeməyində alırıq. Belə ki, yumurta, qaymaq, şor, pendir yeyərək balanslı protein-yağ, az miqdarda şəkər yeyirik. Bu qida maddələrinin bölgüsünə fikir verəndə aydın olur ki, səhər yeməyi sağlam qidalanma baxımından çox vacibdir. Uşaq yaşlarından orqanizmi bu vərdişə öyrətmək lazımdır”.