Bir çox insan gərginlik və emosional yorğunluq zamanı yeməyə daha çox meyl göstərir. Mütəxəssislər bildirirlər ki, stressi yeməklə “ört-basdır etmək” qısa müddətdə rahatlıq versə də, uzun müddətdə sağlamlığa və çəkiyə mənfi təsir göstərə bilər.

Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, psixoterapevt İrina Kraşkına stress zamanı həddindən artıq yemək vərdişindən qurtulmaq üçün sadə üsulların kömək edə biləcəyini bildirib. Onun sözlərinə görə, ilk addım insanın özünə sual verməsidir: “Mən həqiqətən acam, yoxsa sadəcə hisslərimi sakitləşdirməyə çalışıram?”

Mütəxəssis qeyd edib ki, belə hallarda əvvəlcə bir stəkan su içmək faydalı ola bilər. Əgər insan nəsə xırtıldayan qida yemək istəyirsə, çips əvəzinə kök kimi liflə zəngin tərəvəzlər seçmək daha yaxşıdır. Lif mədədə həcm yaradır və toxluq hissini artırır.

Psixoterapevt əlavə edib ki, qısa gəzinti də stress hormonlarının azalmasına kömək edə bilər. Bundan başqa, yemək vərdişini başqa fəaliyyətlərlə əvəz etmək – məsələn, top sıxmaq, rəsm çəkmək və ya başqa məşğuliyyətlə məşğul olmaq da faydalıdır.

Ekspertin sözlərinə görə, şirniyyat istəyi yarandıqda giləmeyvə və ya tünd şokolad kimi alternativlər seçmək mümkündür. Sadə nəfəs məşqləri də sinir sistemini sakitləşdirə bilər: məsələn, 4 saniyə nəfəs almaq və 6 saniyə ərzində nəfəsi vermək.

Kraşkına vurğulayıb ki, əgər insan bir aydan çox müddətdə bu vərdişi təkbaşına dəyişə bilmirsə, çəki dəyişiklikləri və ya mədə problemləri yaranırsa, mütəxəssisə müraciət etmək faydalı ola bilər. Onun sözlərinə görə, bu halda psixoterapiya stressin əsas səbəbini müəyyən etməyə və emosiyaları daha sağlam şəkildə idarə etməyə kömək edir.