Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanov Serbiyanın Niş şəhərində keçirilən Beynəlxalq Kulinariya Festivalında münsiflər heyətində iştirak edib.
Bu barədə Foodinfo.az-a məlumat verən T.Əmiraslanov bildirib ki, tədbirdə Serbiya, Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Xorvatiya, Çernoqoriya, İsrail, İngiltərə, Makedoniya, Rusiya, Ukrayna, Rumıniya, İtaliya və s. ölkələr iştirak edirdilər.
Onun sözlərinə görə, çempionat zamanı ən böyük “barbekyü” hazırlandı. Mal və qoyun ətinin qiyməsinin qarışığından 64 kq çəkidə, qril üzərində yastı küftə böyük dairəvi formada hazırlandı və qrildə bişirildi. Azərbaycan, İngiltərə, İsrail, İtaliya və Serbiyadan ibarət münsiflər heyəti bu rekordu təsdiqlədi. Münsiflər heyətində iştirakına görə Azərbaycan yarışların kuboku, medallar və diplomlarla mükafatlandırıldı.
Bunlardan əlavə olaraq ölkəmiz Siciliya Kulinariya Akademiyasının diplomu və kuboku, İsrail Kulinariya Assosiasiyasının diplomu ilə mükafatlandırıldı. Təşkilatçı Serbiya tərəfinə də AMKA-nın diplomları, kitabları və hədiyyələri verildi.