Bir çox insan yatarkən telefonu yatağın yanında saxlamağa öyrəşib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu adi görünən vərdiş yuxunun keyfiyyətinə və ümumi sağlamlığa mənfi təsir göstərə bilər.

Foodinfo.az “Abzas” saytına istinadla xəbər verir ki, nevroloq Aleksandr Yevdokimovun sözlərinə görə, smartfon ekranının hətta zəif işığı belə orqanizmdə mühüm hormon olan melatoninin sintezinə mane ola bilər.

Həkim izah edir ki, telefonun işığı və ya ekranın bəzən yanıb-sönməsi beynin tam istirahət etməsinə imkan vermir. Bu isə insanın bioloji ritmini pozur, yuxuya getmə prosesini çətinləşdirir və hormonal balansın dəyişməsinə səbəb ola bilər.

Mütəxəssis qeyd edir ki, smartfon şüalanmasının zərəri ilə bağlı hələ rəsmi elmi sübutlar tam təsdiqlənməsə də, bir çox insanlar texnologiyadan uzaq olduqları zaman daha yaxşı yuxu aldıqlarını bildirirlər. Həkimlər gecə yatarkən telefonu yataqdan bir qədər uzaqda saxlamağı tövsiyə edirlər.