Bəzən kiflənmiş məhsulu dərhal fərq etmədən təsadüfən yemək mümkündür. Bu vəziyyət bir çox insanı narahat etsə də, nəticə əsasən orqanizmin vəziyyətindən və qəbul edilən kifin miqdarından asılı olur.

Foodinfo.az fithacker saytına istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam immun sisteminə malik insan üçün az miqdarda kifli qidanın təsadüfən qəbulu əksər hallarda ciddi təhlükə yaratmır. Mədə turşusu və immun sistemi bu cür yad maddələrlə mübarizə aparmağa qadirdir.

Lakin daha çox miqdarda kif qəbul edildikdə və ya immunitet zəif olduqda vəziyyət dəyişə bilər. Bu halda kifin tərkibində olan toksinlər orqanizmdə zəhərlənməyə səbəb ola bilər. Belə hallarda ürəkbulanma, qusma, baş ağrısı və hətta hərarət kimi əlamətlər müşahidə oluna bilər.

Xüsusilə yaşlı insanlar, xroniki xəstəlikləri olanlar və immun sistemi zəif olan şəxslər daha risk qrupuna daxildir. Onların orqanizmi kiflə mübarizədə çətinlik çəkə bilər.

Sonda qeyd etmək lazımdır ki, kiflənmiş məhsulları ümumiyyətlə istehlak etməmək ən düzgün yanaşmadır. Şübhəli qidaları atmaq sağlamlığı qorumaq üçün ən təhlükəsiz seçimdir.