Toyuq əti sağlam qidalanmanın əsas məhsullarından biri hesab olunsa da, onun dərisinin istifadəsi ilə bağlı müzakirələr davam edir. Toyuq dərisi yüksək yağ və kalori tərkibinə görə hər kəs üçün uyğun seçim olmaya bilər.

Foodinfo.az xəbər verir ki, toyuğun dərisi əsasən yağdan ibarətdir və xüsusilə doymuş yağ miqdarı yüksəkdir. Bu isə həddindən artıq istehlak edildikdə xolesterin səviyyəsinin artmasına və ürək-damar xəstəlikləri riskinin yüksəlməsinə səbəb ola bilər.

Bundan əlavə, dərili toyuq daha kalorili olur. Çəkiyə nəzarət edən şəxslər üçün dərisiz toyuq daha məqsədəuyğun hesab edilir. 

Həmçinin qeyd olunur ki, toyuq dərisi xarici mühitlə birbaşa təmasda olduğundan düzgün təmizlənmədikdə və yaxşı bişirilmədikdə bakteriya riski yarada bilər.

Xüsusilə qızardılmış dərili toyuğun sağlamlıq üçün daha zərərli olduğu vurğulanır. Qızartma zamanı həm yağ miqdarı artır, həm də yeməyin kalorisi yüksəlir.

Toyuq dərisi tamamilə qadağan olunmur, lakin onun tez-tez və çox miqdarda qəbulu tövsiyə edilmir. Sağlam qidalanma üçün dərisiz, qaynadılmış və ya sobada bişirilmiş toyuq daha uyğun seçim sayılır.