Qırmızı ət zülal, dəmir və B12 vitamini baxımından dəyərli məhsul sayılsa da, hər kəs üçün eyni dərəcədə faydalı deyil. Mütəxəssislər bildirirlər ki, bu məhsulun həddindən artıq qəbulu bəzi sağlamlıq problemlərini dərinləşdirə bilər. Foodinfo.az Aif.ru-ya istinadla xəbər verir ki, xüsusilə ürək-damar xəstəlikləri və yüksək xolesterini olan şəxslər qırmızı ətin miqdarını məhdudlaşdırmalıdır.

Həkimlərin fikrincə, qırmızı ətin çox yeyilməsi aterosklerozun inkişafını sürətləndirə, infarkt və insult riskini artıra bilər. Bundan başqa, tərkibindəki purinlər səbəbindən qırmızı ət oynaq problemləri olan insanlar üçün də təhlükəli sayılır. Xüsusilə podaqra və qanda sidik turşusunun səviyyəsi yüksək olan xəstələrdə ağrılı tutmalar yarana bilər.

Mütəxəssislər qeyd edirlər ki, artıq miqdarda heyvani zülal qəbul edilməsi böyrəklərə əlavə yük yaradır. Bu da böyrək funksiyası zəif olan şəxslər üçün risk amilidir. Ümumdünya Səhiyyə Təşkilatı isə emal olunmuş qırmızı əti birinci qrup kanserogenlər siyahısına daxil edib. Səbəb yüksək temperaturda qızartma və digər emal prosesləri zamanı yaranan zərərli birləşmələrdir.

Eyni zamanda, qırmızı ət ağır həzm olunan məhsul hesab edilir. Bu səbəbdən həzm sistemi ilə bağlı problemləri olan insanlarda diskomfort, şişkinlik və ağrı yarada bilər. Dietoloqlar balanslı qidalanmaya üstünlük verməyi, qırmızı əti isə rasionda ölçülü şəkildə saxlamağı tövsiyə edirlər. Həkimlər bildirirlər ki, düzgün miqdar seçildikdə və sağlam bişirmə üsulları tətbiq edildikdə riskləri azaltmaq mümkündür.