Ukraynanın paytaxtı Kiyev şəhərində TAİEX (Avropa Komissiyasının Texniki Yardım və Informasiya Mübadiləsi), Avropa Qida Təhlükəsizliyi Təşkilatı və Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş direktorluğunun təşkilatçılığı ilə “Heyvanların transsərhəd xəstəlikləri" mövzusunda beynəlxalq seminar keçirilib. Seminar Avropanın qonşu ölkələri arasında heyvanların transsərhəd xəstəliklərinə qarşı mübarizə və profilaktika istiqamətində biliklərin paylaşılmasına, gələcək əməkdaşlığın inkişafı və nəzarət potensialının yaradılmasına kömək məqsədi ilə təşkil edilib. Tədbirə Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində həyata keçirilən "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin nümayəndələri dəvət olunublar. Seminarda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak edib, müvafiq mövzular üzrə məlumatlar veriblər. Tədbirdə Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Turan Məmmədzadə “Azərbaycandakı epidemioloji vəziyyət” və “Quduzluq və bruselyoz xəstəlikləri ilə bağlı mövcud vəziyyət”ə dair təqdimatlar edib. (Modern.az)