
Uşaq qidaları alarkən valideynlərin mütləq diqqət etməli olduğu məqamlar körpənin sağlam inkişafı və təhlükəsiz qidalanması baxımından olduqca önəmlidir.
Foodinfo.az bu məqamlardan ən vaciblərini təqdim edir:
1. Qida tərkibini oxumaq
Qidanın əlavə şəkər, duz, süni dadlandırıcı, rəngləndirici və konservant ehtiva etmədiyindən əmin olmaq lazımdır. Etiketdəki tərkib siyahısı nə qədər qısa və sadədirsə, bir o qədər yaxşıdır.
2. Uyğun yaş qrupu üçün seçmək
Qidanın uşağın yaşına uyğun olub-olmadığına baxılmalıdır (Məsələn: 6+ ay, 12+ ay). Bəzi tərkiblər erkən aylarda allergiyaya və ya həzm problemlərinə səbəb ola bilər.
3. Son istifadə tarixi və saxlama şəraiti
Mütləq son istifadə tarixinə baxılmalı və keçmiş məhsullardan uzaq durulmalıdır. Məhsulun orijinal qablaşdırmada və zədəsiz olmasına da diqqət yetirmək, açıldıqdan sonra neçə gün ərzində istifadə olunmalı olduğunu yoxlamaq lazımdır.
4. Sertifikatlı və etibarlı brendlərə üstünlük verilməli
Qidanın sertifikatlı, gigiyenik şəraitdə hazırlanmış və qida təhlükəsizliyi standartlarına uyğun olduğuna əmin olunmalıdır. Etibarlı, tanınmış markalara üstünlük verilməlidir.
5. Allergenlərə qarşı diqqətli olmaq
Etiketdə "tərkibində süd məhsulları, yumurta, gluten və ya qoz-fındıq var" kimi allergen xəbərdarlıqlarını oxumaq, ailədə allergiya tarixi varsa, mütləq pediatrla məsləhətləşmək lazımdır.
6. Dadı və teksturu
Körpənin inkişaf mərhələsinə uyğun olaraq pürey, kiçik parça, və ya çeynəməli formalar seçilməlidir. Eyni zamanda, qidanın dadı çox güclü və ədviyyatlı olmamalıdır.