Xüsusi təyinatlı qida məhsullarına uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları, gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsulları və insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsulları aiddir. Foodinfo.az-ın xəbərinə görə, bu barədə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda bildirilir. Sənəddə qeyd olunur ki, xüsusi təyinatlı qida məhsulları müvafiq tələblərə uyğun istehsal edilməlidir. Belə ki, bu məhsullar müvafiq istehlakçı qruplarının fizioloji tələbatlarını təmin etməli, tərkibinə yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunan vitaminlər, minerallar və amin turşuları onların yol verilən hədləri çərçivəsində qatılmalıdır. Xüsusi təyinatlı qida məhsullarının təhlükəsizliyinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

Qanunda həmçinin vurğulanır ki, qida subyektləri bioloji aktiv qida məhsullarının emalı zamanı yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş vitaminlərdən və minerallardan istifadə edə bilərlər. Bu məhsulların emalına və dövriyyəsinə həmin maddələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunur.